Sumqayıt şəhər  Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi rəssam Rauf İbadovun “Sizə yadigar qalsın” adlı fərdi sərgisi açılıb. Sərgidə şəhid rəssamın 44 rəsm əsəri nümayiş olunub.

 

Abşeron-Xızı Regional Təhsil İdarəsindən aldığımız məlumata görə,  tədbirdə ictimaiyyət nümayəndələri, rəssamlar, qazilər, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

 

Tədbirdə R.İbadovun həyat və yaradıcılığından söz açılıb. Bildirilib ki, sərginin müəllifi 1996-cı il mayın 4-də Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil alıb. 2017-2018-ci illərdə hərbi xidmətdə olub. Nümunəvi hərbi xidmətinə görə Fəxri fərmanla təltif olunub və komandiri tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb. Tovuz döyüşləri zamanı hərbi xidmət üçün könüllü olaraq qeydiyyata düşüb. Sentyabr ayının 27-dən, müharibə başladığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətə görə manqa komandiri təyin olunub. O, oktyabrın 23-də Laçın ərazisində mühasirəyə düşdükləri zaman bir neçə düşmən əsgərini məhv etsə də, qəhrəmancasına şəhid olub.

 

Ölümündən sonra R.İbadov "Vətən uğrunda", "Cəbrayılın  azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Sonra sərgiyə baxış keçirilib.

 

Sərgidə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları,  Vətən müharibəsi iştirakçıları, şəhidə dərs deyən müəllimlər torpaqlarımızın Rauf kimi qəhrəman oğullarımızın sayəsində işğaldan azad olunduğunu, xalqımızın 30 illik həsrətinə son qoyulduğunu bildiriblər.

 

Peşəkar rəssam Tofiq Əhmədovun Rauf İbadova həsr etdiyi portret şəhidin valideynlərinə təqdim olunub.

 

Şəhidin atası Məhərrəm İbadov, anası Zərnigar İbadova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Daha sonra  R.İbadovun əziz xatirəsinə həsr olunmuş "Qəhrəmanlıq dastanı..." adlı klip nümayiş etdirilib  və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda  şeirlər  söylənilib.

                                                                             

Şakir CƏFƏROV