Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin bir qrup rəsmisi  İttifaqa üzv olan ölkələrin səfirləri ilə birlikdə növbəti “Avropa şəhərciyi” tədbiri ilə əlaqədar, Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi fəaliyyət və layihələrə dair məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Lənkəran şəhərinə gəlib.

 

Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko İttifaqa üzv olan ölkələrin səfirləri ilə birlikdə Lənkəran Dövlət Universitetinin (LDU) tələbə-müəllim-professor heyəti ilə görüşmək,  Avropa təhsil proqramları barədə məlumat vermək üçün LDU-da olub.

 

Böyük akt zalında keçirilən tədbirdə çıxış edən LDU-nun rektoru professor Natiq İbrahimov Aİ ilə qarşılıqlı əlaqələrin universitet üçün böyük perspektivlər açdığını deyib. Rektor LDU-da son illərdə aparılan təhsil islahatlarından, universitetdə kadr hazırlığının təkmilləşdirilməsi istiqamətlərindən, Avropa təhsilinə inteqrasiyadan, xarici universitetlərlə geniş əməkdaşlıqdan danışıb.  Bildirib ki, ali təhsilin modernləşdirilməsi, keyfiyyətli kadr hazırlığını təmin etmək üçün əsas diqqət təcrübi biliklərə yönəldilib, xaricdən müasir laboratoriyalar alınıb, turizm və aqrar ixtisaslar üçün tədris-təcrübə bazaları yaradılıb və bu iş sürətlə davam etdirilir. N.İbrahimov Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus+ layihəsində LDU-nun fəal iştirakından ətraflı bəhs edib, universitetin son ildə 3 layihədə iştirakçı olduğunu deyib, bu istiqamətin uğurla davam etdiriləcəyini söyləyib.

 

Görüşdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko tarixə ekskurs edərək 2017-ci ildə LDU-nun tələbə və müəllimləri ilə ilk görüşündən söz açıb,  qurumun maliyyə dəstəyi ilə həyata keçirilən “Yaşıl enerji” layihəsində LDU-nun da iştirakçı olmağından məmnunluğunu bildirib. Peter Mixalko Aİ-nin təhsillə bağlı layihələrindən danışıb, tələbələri bu proqramlarda fəal iştiraka çağırıb.

 

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin, Belçika Krallığının, Bolqarıstanın, Çex Respublikasının, Macarıstan Latviya, Litva, Xorvatiya, Hollandiya, Polşa, Rumıniyanın və İsveç Krallığının səfirliklərinin təmsilçiləri LDU-da tələbələrin ifasında  “Qarabağ şikəstəsi”ni maraqla dinləyiblər.

 

Qeyd edək ki, Lənkəran Dövlət Universitetində tələbə və müəllimlərlə keçirilən görüşdə Avropa təqaüd proqramları barədə ətraflı məlumat verilib, Gənc Avropa Səfirlərinin təqdimatı keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.