İstanbul Qalata Universitetinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində (NDU) olub. Universitetin rektoru professor Özgür Çengelin onlayn olaraq qatıldığı görüşdə NDU-nun rektoru Elbrus İsayev qonaqları salamlayıb, rəhbərlik etdiyi ali təhsil ocağının maddi-texniki bazası, müasir tədris üsulları barədə məlumat verib, universitetin beynəlxalq əməkdaşlığında Türkiyə ali məktəblərinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

 

İstanbul Qalata Universitetinin rektoru Özgür Çengel isə rəhbərlik etdiyi ali təhsil ocağı barədə məlumat verib. Bildirib ki, universitetin əsası 2019-cu ildə qoyulub.  Universitetdə Sağlıq bölümü, Diş həkimliyi, Sənət və sosial bilimlər, Spor bölümü olmaqla, ümumilikdə 4 fakültədə tədris prosesi həyata keçirilir.

 

Görüşdə iştirak edən Robotex Türkiyə Qurucuları Orhan Çevik, Zülal İnan, Robotexin Texniki koordinatoru Gürkan Lokman, İstanbul Qalata Universitetinin  incəsənət və sosial elmlər fakültəsinin dekanı, İdarəetmə İnformasiya Sistemləri Departamentinin rəhbəri Caner Giray fəaliyyət göstərdikləri şirkət barədə ətraflı məlumat verib, birgə əməkdaşlıq məsələlərindən söhbət açıblar.

 

Qonaqlar Türkiyənin Antalya şəhərində keçirilən "Dünyanın ən böyük robototexnika festivalında qalib olan NDU komandasını təbrik ediblər.

 

Qeyd edək ki, Türkiyə, Estoniya, İran və digər ölkələrin təmsil olunduğu turnirlərdə "Robotex Türkiyə" 2023 mövsümündə Azərbaycanı Naxçıvan Dövlət Universitetinin 5 nəfərlik heyəti təmsil edib.

 

Qonaqlar, həmçinin memarlıq və mühəndislik fakültəsinin Elektronika və STEAM mərkəzində, Memarlıq muzeyində olub, tələbələr tərəfindən hazırlanmış layihələrə baxıblar. Texnoparkın layihəsi ilə tanış olan qonaqlar layihənin möhtəşəmliyi barədə öz müsbət fikirlərini səsləndiriblər. 

 

“İnformasiya texnologiyaları”, “Kompüter mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarının tələbələrinə Robototexnika sahəsində seminar keçirilib.