Rektor: “Bu, kibernetiklərlə filoloqların möhtəşəm görüşüdür”


Naxçıvan Dövlət Universitetində akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü Rafiq Əliyevin “Kitabi-Dədə Qorqud və Qeyri-səlis məntiq” kitabının təqdimat mərasimi keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb, “Kitabi-Dədə Qorqud” və Qeyri-səlis məntiq” kitabının həmmüəlliflərinin yaradıcılığından bəhs edib.

 

Qeyd olunub ki, təqdimatı keçirilən kitab öz unikallığı və aktuallığı ilə seçilir. Kitab ingilis dilinə tərcümə olunub və hazırda Türkiyə türkcəsinə çevrilir.  

 

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru AMEA-nın həqiqi üzvü  Muxtar İmanov böyük alim  Lütfi Zadənin Qeyri-səlis məntiq nəzəriyyəsinin dünya üçün əhəmiyyətindən söhbət açıb. Bildirib ki, kitabda “Dədə Qorqud”  boylarında verilən hadisələrə maraqlı baxış ortaya qoyulub və nəzəriyyə ilə güclü əlaqələndirmə aparılıb:”Hadisələrə qeyri-səlis məntiqlə yanaşanda məlum olur ki, ən ideal qəhrəmanlar, hətta Tanrı obrazının özündə də müəyyən cizgilər olmaq şərtilə yuxarıdan aşağıya, orta dünyaya doğru istiqamət var”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov kitabı məzmun və mahiyyətinə görə qiymətli iş olaraq qiymətləndirib:”Bu, hələ başlanğıcdır və əsər daha böyük tədqiqatların davam etməsinə yol açacaq”. 

 

Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Universitetinin rektoru Anar Kazımov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti,  filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov, jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Xumar Məmmədova çıxış edərək yeni nəşrin məziyyətlərindən danışıb, kitabı uğurlu  həmmüəllif işi kimi dəyərləndiriblər.     

 

Kitabın həmmüəllifi, AMEA-nın müxbir üzvü Rafiq Əliyev Lütfi Zadəni Nyutonla, Eynşteynlə müqayisə edərək, onu dahi alim adlandırıb. R.Əliyev kitabın ideya müəllifinin yazıçı Kamal Abdullanın olduğunu vurğulayaraq bildirib ki, Lütfi Zadənin məntiq nəzəriyyəsindən bəhrələnməklə ərsəyə gələn bu əsərdə qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb.

 

Sonra kitabın digər müəllifi, Xalq yazıçısı Kamal Abdulla qeyd edib ki, ideyanın təşəkkül tapması Rafiq Əliyevlə ümumi söhbətlərin nəticəsidir. Bu. kibernetiklərlə filoloqların möhtəşəm görüşüdür. Bu söhbətlərin nəticəsində Dədə Qorqud, digəri isə Lütfi Zadənin Qeyri-səlis məntiqi olmaqla, iki möhtəşəmlik bir-birinə yaxınlaşıb. Akademikin bildirdiyinə görə, Qeyri-səlis məntiqlə “Dədə Qorqud”-a yanaşma dastana sanki yeni bir ruh verib. Biz araşdırdıqca gördük ki, “Dədə-Qorqud” mövzusu heç zaman tükənməyəcək.  Dastanın mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşma tərzi, başqa sözlə desək, tolerantlıq xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir.

 

Həmmüəlliflər təşkil olunan təqdimat mərasimi və dəvətə görə öz təşəkkürünü bildiriblər.