Lənkəran Dövlət Universitetinin (LDU) tələbələri təkcə təhsil uğurları ilə deyil, həm də idman sahəsində qazandıqları nailiyyətlərlə təhsil aldıqları ali təhsil ocağına başucalığı gətirirlər. Belə tələbələrdən biri də iqtisadiyyat və idarəetmə fakültəsinin V tədris ili tələbəsi Ceyhun Mahmudovdur. C. Mahmudov Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin parapauerliftinq idman növü üzrə milli komandasının (54 kq çəki dərəcəsində) üzvüdür.

 

O, 1992-ci ildə Bakı şəhərində anadan olub. Fiziki məhdudiyyətlərinə baxmayaraq,  idmanla mütəmadi məşğul olub, əzmkarlığı sayəsində bir çox idman uğurlarına imza atıb. Belə ki, 29 aprel-01 may 2023 tarixlərində Gürcüstanın  Tbilisi şəhərində keçirilən parapauerliftinq idman növü üzrə dünya kubokunda 54 kq çəki dərəcəsində fərdi kateqoriyada 152 kq nəticə göstərərək qızıl medal qazanıb. Həmçinin ümumi kateqoriyada 3 cəhdin-142 kq,147 kq, 152 kq cəmində 441 kq nəticə göstərərək daha bir qızıl medal əldə edib. Bu qalibiyyət idmançıya 2023-cü  ilin avqust ayında parapauerliftinq idman növü üzrə Birləşmiş Ərəb Əmirliklərində  keçiriləcək dünya çempionatına lisenziya qazandırıb.

 

Qeyd edək ki,  C. Mahmudov 54 kq çəki dərəcəsində parapauerliftinq idman növü üzrə Azərbaycan Respublikası birincisidir.