Naxçıvan Dövlət Universitetində (NDU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş 2022-2023-cü tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin mükafatlandırma mərasimi keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ixtisaslı kadrların yetişməsində nəzəri biliklərin vacibliyi ilə yanaşı, aparılan təcrübələr, həyata keçirilən elmi-tədqiqat işləri əsas diqqət mərkəzində olan məsələlərdəndir. TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanması keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, tələbələrin elmi-texniki potensialının qorunub saxlanılması, magistr və bakalavr tələbələrinin elmi tədqiqat fəaliyyətini müasir şəraitə uyğun təşkil etməkdir. Bildirilib ki, cəmiyyətin işi tələbələrə elmi eksperiment aparmaq və alınmış nəticələri təhlil etmək, yerinə yetirilmiş tədqiqatların nəticələrinə dair hesabat hazırlayaraq çıxış etmək və elmi diskussiya aparmaq bacarıqlarının aşılanmasına xidmət etməkdir.

        

2022-2023-cü tədris ilində TEC xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları barədə danışan Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova bildirib ki, hər il olduğu kimi, cari tədris ilində də təşkilatın iş planının tərtib olunması və tələbələrlə əlaqələrin gücləndirilməsi kimi məsələlərin həllinə baxılıb, fakültələr üzrə cəmiyyətin sədrləri və heyəti tələbələrlə xüsusi iş aparıb. Qeyd edilib ki, bu tədris ilində 437 müəllimin rəhbərliyi ilə 1028 tələbə elmi tədqiqat işi ilə məşğul olub. Diqqətə çatdırılıb ki, ötən illə müqayisədə elmi tədqiqat işlərinə maraq daha da artıb.  

        

Tədbirdə TEC xətti ilə ən yaxşı elmi-tədqiqat işləri yerinə yetirən kafedralardan təməl tibb fənləri kafedrasının müdiri tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva, təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekan müavini, biologiya kafedrasının dosenti Hilal Qasımov kafedralarda yerinə yetirilən elmi-tədqiqat işləri barədə çıxış ediblər.

        

Sonra universitet və bölmələr üzrə TEC xətti ilə ən yaxşı elmi-tədqiqat işini yerinə yetirən tələbələr diplomla mükafatlandırılıb. 

        

Tədbirdə TEC-in fəaliyyətində və elmi-tədqiqat işlərində fəallığa görə fərqlənən tələbələr Təşəkkürnamə ilə təltif olunub.