Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasının gənc alimləri Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Şəkidə “Gənc alimlərin innovativ ideya düşərgəsi”ndə iştirak ediblər.  

 

Şəki Olimpiya İdman Kompleksində təşkil olunan düşərgəyə  ayrı-ayrı sahələr üzrə gənc mütəxəssislər və müxtəlif ali təhsil müəssisələrinin tələbələri də qatılıblar.

 

Düşərgənin proqramına əsasən, innovativ texnologiya və süni intellektin tətbiq olunduğu yaşıl enerji, tibb, kənd təsərrüfatı, təhsil və müxtəlif sahələrdə gənclər üçün elmi-praktiki təlim, maarifləndirici seminarlar təşkil edilib, onların bilik və bacarıqları yoxlanılıb. Təcrübəli alim və mütəxəssislər tərəfindən keçirilən seminar və mühazirələr zamanı dinləyicilərin sualları hərtərəfli cavablandırılıb. Düşərgənin sonunda gənclərdən ibarət komandaların hazırladığı layihələr əsasında innovativ ideya yarmarkası təşkil olunub, bir-birindən maraqlı layihələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. 

 

Qeyd edək ki, düşərgə müddətində gənc alimlərin və universitet tələbələrinin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif idman yarışları, intellektual və əyləncəli oyunlar keçirilib, qaliblər mükafatlandırılıb.