“Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbində “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib.

 

Tədbirdə MDU-nun rektoru Şahin Bayramov, RTİ-nin müdiri Elçin Kərimov, həmin idarənin əməkdaşları, Yevlax rayonunun ümumi təhsil müəssisələrinin rəhbərləri və MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri iştirak ediblər.

 

Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan tədbirdən öncə, məktəbin qarşısında şəhidlərin əbədi xatirəsinə həsr olunmuş baralyefin önünə gül dəstələri düzülüb.

 

RTİ-nin müdiri E.Kərimov tədbir iştirakçılarını salamlayıb, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycanın rifahı və inkişafı naminə həyata keçirdiyi uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən danışıb. Milli təhsilimizin dinamik və davamlı inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən E.Kərimov dahi şəxsiyyətin dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşdığını və milli mənafeləri hər şeydən üstün tutduğunu qeyd edib.

 

Rektor Ş.Bayramov Ümummilli Liderin müasir Azərbaycanın qurulmasına və gücləndirilməsinə həsr olunmuş zəngin irsinin öyrənilməsi və təbliği sahəsində təhsil işçilərinin üzərinə düşən məsuliyyətdən bəhs edib. Heydər Əliyevin hakimiyyətdə olduğu illərin Azərbaycan təhsilinin sürətli yüksəliş dövrü kimi tarixə düşdüyünü vurğulayan Ş.Bayramov dahi şəxsiyyətin müəllim nüfuzunun artırılması, təhsilin bütün pillələri üzrə maddi-texniki bazanın gücləndirilməsi və gənclərin xarici ölkələrin aparıcı universitetlərində ali təhsil alması istiqamətlərində titanik fəaliyyətindən danışıb.

 

Daha sonra MDU alimlərinin təqdimatında məruzələr dinlənilib.

 

Maraqla qarşılanan məruzələrdən sonra Heydər Əliyevin keçdiyi həyat yolu və Azərbaycan təhsilinin inkişafında göstərdiyi xidmətləri əks etdirən videoçarx nümayiş olunub, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim edilib.

 

Tədbirdən sonra Xaldan kənd kompleks tam orta məktəbinin sinif otaqlarına və laboratoriyalarına baxış keçirilib.