Naxçıvan Dövlət Universitetinin (NDU) ingilisdilli liseyində regional SAT İmtahan Mərkəzinin təqdimatı olub.

 

Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının müasir inkişaf mərhələsi, fəaliyyət istiqamətləri, yeni infrastrukturunun qurulmasında dövlətin xüsusi dəstəyini qeyd edərək təqdimatı keçirilən SAT mərkəzini bu istiqamətdə aparılan məqsədyönlü işlərin uğurlu davamı adlandırıb. Qeyd edilib ki, ötən il ali təhsil ocağında yaradılan IELTS qeydiyyat və imtahan mərkəzinin uğurla fəaliyyət göstərməsi universitetin beynəlxalq rəqabətliliyinin artırılması, ikili diplom proqramlarının həyata keçirilməsi, universitetin beynəlxalq əlaqələrinin inkişafı istiqamətində öz müsbət nəticələri ilə yadda qalıb:”SAT İmtahan Mərkəzi də nəinki universitetdə, eyni zamanda Naxçıvanda ingilisdilli mühitin inkişafına mühüm töhfələr verəcək”.

 

Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, SAT İmtahan Mərkəzinin koordinatoru Aidə Cəlilzadə qeyd edib ki, NDU 14 iyun 2023-cü ildə Amerika Birləşmiş Ştatları College Board təşkilatı tərəfindən rəsmi olaraq SAT İmtahan Mərkəzi kimi qeydiyyata alınıb. Bildirilib ki, həm kağız üzərində, həm də dijital formatda götürülə bilən SAT imtahanı 2023-cü ilin mart ayından beynəlxalq test mərkəzlərində adətən dijital qaydada həyata keçirilir.  Bacarıqları qısa vaxt ərzində və daha yüksək konfidensiallıq şəraitində qiymətləndirdiyi üçün Dijital SAT variantı daha güvənilir hesab edilir.

 

Vurğulanıb ki, 2 hissədən ibarət olan imtahan birinci hissədə oxu və yazı bacarıqlarını, ikinci hissədə isə riyazi bacarıqları yoxlayan ikihissəli testdən ibarətdir. Orta keçid balı 1060 olan yeni dijital SAT imtahanı üçün ümumi bal 400-1600 sayılır. A.Cəlilzadə diqqətə çatdırıb ki, oxu və yazı bacarıqlarının hər modulu 32 dəqiqə olmaqla, ümumilikdə 64 dəqiqə, Riyaziyyat modulu isə 35 dəqiqə, ümumilikdə 70 dəqiqə olmaqla, imtahan müddəti 2 saat 14 dəqiqə təşkil edir.  SAT İmtahan Mərkəzinin koordinatoru həmçinin qeyd edib ki, Riyaziyyat bölməsində cəbr, yüksək çətinlikdə olan riyazi məsələlər, məsələ həlli və data analizi, həndəsə və triqonometriyaya aid suallar olur. Hər bölmənin ilk modulu bitdikdən sonra test platforması avtomatik şəkildə ikinci hissəyə keçid edir. İlk modullar asan, orta və çətin suallardan ibarətdir, lakin ikinci moduldakı sualların çətinlik dərəcəsi birinci moduldakı suallara verilən cavablardan asılı olaraq daha asan və ya çətin olur. SAT imtahanında səhv düzü aparmır.

 

Beynəlxalq TEFL Təlim İnstitutunun Azərbaycan üzrə meneceri Afar İbrahimov onlayn olaraq tədbirə qatılıb və ali təhsil ocağında yaradılan mərkəzin fəaliyyətini yüksək qiymətləndirib.

 

Sonda müəllim və şagirdlərin sualları cavablandırılıb.

 

Qeyd edək ki, ali təhsil ocağında SAT İmtahan Mərkəzi Dijital SAT imtahanı üçün onlayn qeydiyyat aparmaq,  SAT konsultasiya, SAT hazırlıq mərkəzi, imtahan mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzdə koordinator, köməkçi koordinator, texniki mütəxəssis və repetitorların fəaliyyət göstərməsi nəzərdə tutulur.