Naxçıvan Dövlət Pedaqoji İnstitutunun ilk məzunları Naxçıvan Dövlət Universitetində olublar.

 

50 il bundan öncə “Coğrafiya” ixtisasını bitirən məzunları salamlayan rektor Elbrus İsayev onları uzun illərdən sonra ali təhsil ocağında görməkdən sevinc və qürur duyduğunu bildirib. Ali təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan söhbət açan E.İsayev universitetin genişlənən beynəlxalq əlaqələri, inkişaf perspektivləri barədə qonaqlara ətraflı məlumat verib. Məzunlar arasında sıx əlaqələrin qurulmasının çox əhəmiyyətli və faydalı nəticələr verəcəyini bildirən rektor bu cür mənəvi-əxlaqi dəyərlərin qorunaraq gənc nəsilə ötürülməsinin vacibliyini vurğulayıb.  

 

Görüşdə iştirakdan məmnun olduqlarını qeyd edən məzunlar universitetdə son dövrlər gedən inkişafı yüksək dəyərləndiriblər. Tələbəlik illərini, müəllimlərini yad edib, xoş xatirələrini bölüşən məzunlar qayğısız gənclik illərinə qayıtdıqları, ehtiramla xatırlandıqları, onlara sevinc və fərəh dolu gün yaşatdıqları üçün tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

 

Sonra doğma fakültələrini ziyarət edən məzunlar yenidən eyni parta arxasında əyləşərək 50 il bundan öncə onlara dərs deyən müəllimlərini bir daha dinləyiblər.