Naxçıvan Dövlət Universitetinin ENACTUS komandası Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən ENACTUS Milli Yarışında finala vəsiqə qazanıb.

 

Bu münasibətlə ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev komanda üzvləri ilə görüş keçirib. Rektor onları əldə etdikləri nailiyyətə görə təbrik edib; komandanın fəaliyyəti, hazırlıqları barədə müzakirələr aparılıb. Görüşdə, həmçinin  ENACTUS komandasının üzvləri videoçarx əsasında layihələrinin əyani formada təqdimatını ediblər.

 

Məlumat üçün bildirək ki, Azərbaycan Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı,  BP Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilən 2023 Enactus Azərbaycan Milli Yarışının yarımfinal mərhələsində universitetin ENACTUS komandası “Zeropollution”, “Termobee” layihələri ilə böyük uğur əldə edib.

 

Qeyd edək ki, ümumilikdə 24 komandanın iştirak etdiyi yarımfinalda hər liqada 2 komanda olmaqla, 3 liqa üzrə komandalar finala vəsiqə qazanıb. I liqada Naxçıvan Dövlət Universiteti, ADA Universiteti, II liqada Azərbaycan-Fransız Universiteti, Dövlət İdarəçilik Akademiyası, III liqada isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti yer alıb.

 

Ölkə finalında qalib olan komanda oktyabr ayında Niderland Krallığının Utrext şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək.