Sentyabrın 14-də Heydər Əliyev Fondu tərəfindən Göyçay, İsmayıllı və Qəbələdə yeni inşa olunan məktəblər istifadəyə verilib. 

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev və ictimaiyyət nümayəndələri yeni istifadəyə verilən təhsil müəssisələrinin açılışında iştirak ediblər.

 

***

İsmayıllıda 4 nömrəli tam orta məktəbin 280 şagird yerlik yeni binası istifadəyə verilib.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb binası 3 korpusdan ibarətdir. Məktəbdə fənn kabinetləri, laboratoriyalar, idman zalı və açıq idman meydançası mövcuddur. Tədris ocağı zəruri avadanlıqlarla təchiz edilib, həmçinin həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

 

***

 

Qəbələnin Nic qəsəbəsində 1 və 4 nömrəli tam orta məktəblərin yeni binaları istifadəyə verilib. 

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 1 nömrəli tam orta məktəbin ikimərtəbəli binası 200 şagird yerlikdir. Məktəbdə fənn kabinetləri, laboratoriyalar, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası şagird və müəllimlərin istifadəsinə verilib. Bununla yanaşı, təhsil ocağının həyətində abadlıq və yaşıllaşdırma işləri görülüb.

 

Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi də artıq tamamlanıb. Məktəbdə 42 sinif otağı, o cümlədən 3 laboratoriya, 1 texnologiya, 1 kompüter otağı, akt və idman zalları, kitabxana, yeməkxana mövcuddur.

 

***

 

Göyçay şəhəri M.Füzuli adına 6 nömrəli tam orta məktəbin yeni inşa olunan binası da ötən gün istifadəyə verilib.

 

Yenidən tikilmiş məktəb 1 076 şagird yerlikdir. Məktəbdə 34 sinif otağı ilə yanaşı, hər cür avadanlıqlarla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.

 

Məktəbdə 500 şagirdin təlim-tərbiyəsi ilə 71 müəllim məşğul olacaq.