Şamaxı Astrofizika Rəsədxanasının Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri astronomiya elmləri doktoru, dosent Canməmməd Rüstəmov və Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin müdiri, astronomiya üzrə fəlsəfə doktoru Səbinə Məmmədova Çex Respublikasının Ondrejov Rəsədxanasında elmi ezamiyyətdədir.

 

Onlar ezamiyyət çərçivəsində Ondrejov Rəsədxanasının təşkilatçılığı ilə Çex Respublikasının Harrakov şəhərində keçirilən “Ulduz küləyi və ulduzlardan maddə axını” adlı Yay məktəbində iştirak ediblər.

 

Dünyanın müxtəlif ölkələrindən (Amerika Birləşmiş Ştatları, Argentina, Çili, İngiltərə, Hindistan, İsrail, Estoniya və s.) olan 50-yə yaxın astronomun iştirak etdiyi Yay məktəbində massiv Volf-Raye tipli ulduzlardan, ifratnəhənglərdən və yüksək işıqlıqlı dəyişən ulduzlardan maddə axınının xüsusiyyətlərinə həsr olunmuş məruzələr dinlənilib, bu axınların modelləşdirilməsi ilə əlaqədar müasir proqramlar barədə ətraflı məlumatlar verilib.

 

Yay məktəbinin proqramını uğurla başa vuran iştirakçılar arasında fikir mübadiləsi aparılıb və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Qeyd edək ki, ŞAR əməkdaşlarının ezamiyyə xərcləri Avropa İttifaqının HORİZON 2020 İnnovasiya qrant layihəsi tərəfindən maliyyələşdirilən 823734 saylı Marie-Sklodovska-Küri Qrant Sazişi çərçivəsində ödənilib.