MDU və ADU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib


Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ümummilli Lider müasir Azərbaycanın qurucusudur” mövzusunda dəyirmi masa keçirilib.

 

MDU-nun ev sahibliyi etdiyi tədbirdə  Azərbaycan Dillər Universitetinin (ADU)  Doktorantura şöbəsinin müdiri Nərgiz Qarayeva, Magistratura şöbəsinin müdiri Firuzə Rzayeva, Elm şöbəsinin müdiri Sevda İmanova, eləcə də hər iki universitetin bir qrup professor-müəllim heyəti üzvü, tələbə, magistrant və doktorantları iştirak ediblər.

 

Tədbirin açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov müasir Azərbaycanın xilaskarı və qurucusu olan Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və təbliğinin önəmindən bəhs edib, gənc nəslin Heydər Əliyev ideyalarına sadiq, xalqa, dövlətə və dövlətçiliyə bağlı ruhda yetişdirilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan dəyirmi masanın önəmini diqqətə çatdıran Ş.Bayramiov birgə əməkdaşlığın inkişafına olan dəstəyinə görə ADU rəhbərliyinə və tədbirin ərsəyə gəlməsində əməyi olan hər iki universitetin əməkdaşlarına təşəkkürünü bildirib.

 

ADU-dan qatılan rəhbər heyət üzvləri təmsil etdikləri universitetdə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb, növbəti tədbirin Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində fəallığı ilə seçilən ali təhsil müəssisələrindən olan MDU-da birgə təşkil edilməsindən məmnunluqlarını ifadə ediblər.

 

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.