Naxçıvan Dövlət Universitetində (NDU) tələbələrin Təhsil Tələbə Krediti Fondundan istifadə imkanlarına dair görüş keçirilib.

 

NDU-nun rektoru Elbrus İsayev görüşdə çıxış edərək dövlətin təhsil sahəsində həyata keçirdiyi layihələrdən danışıb. Vurğulanıb ki, Təhsil Tələbə Kredit Fondu (TTKF) Prezident İlham Əliyevin 17 iyun 2021-ci il tarixli Fərmanı ilə təsis olunub və bu fondun yaradılması ölkəmizdə təhsilə dövlət qayğısının ən bariz nümunələrindən biridir. O, çıxışında TTKF-in ali təhsilə əlçatanlığın təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət etdiyini iştirakçıların diqqətinə çatdırıb.

 

TTKF-nun İdarə Heyətinin sədri Araz Paşayev fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib. Qeyd edilib ki, təhsil tələbə krediti olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlılığının təmin olunmasına xidmət edən dövlət sənədidir. 

 

Vurğulanıb ki, təhsil tələbə kreditinin növləri, tələbə krediti almaq üçün verilən tələblər, kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər müəyyən olunub. A.Paşayev əlavə edib ki, krediti almaq üçün tələbə girov, zamin, borcalan və s. heç bir öhdəliklə yüklənmir. 

 

Görüşdə çıxış edən universitetin Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı bildirib ki, ali təhsil ocağında 2021-2022-ci akademik tədris ilindən TTKF ilə bağlı komissiyanın tərkibi müəyyənləşdirilərək fəaliyyətə başlayıb və tələbələrlə görüşlər təşkil edilib, onların qeydiyyatına şərait yaradılıb. Belə ki, ötən müddət ərzində, ümumilikdə 541 tələbə kreditlə bağlı müraciət edib, bunun 136 nəfəri sosial, 311 nəfəri isə standart olmaqla, 447 tələbənin krediti rəsmiləşdirilib.

 

Görüşün sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.