Naxçıvan Dövlət Universiteti Beynəlxalq məktəbində “İlham Əliyev gerçəkliyi: davamlı inkişaf, qüdrətli dövlət, tarixi Zəfər” mövzusunda tədbir keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev tədbirdə çıxış edərək bildirib ki,  Azərbaycanı dinamik inkişaf yoluna çıxaran Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ili tamam oldu. Ulu Öndər Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev ona olan ümidləri, etimadı doğrultdu. E.İsayev uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərdən geniş bəhs edib, vurğulayıb ki, bu, müstəqillik tariximizin ən parlaq səhifəsidir:”Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı”.

 

Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayevin “İLHAM ƏLİYEV”-Azərbaycan xalqının arzularını reallaşdıran lider” adlı çıxışında qeyd edib ki, Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. 

 

Sonra universitetin tarix-filologiya fakültəsinin “Tarix” ixtisası üzrə II kurs tələbəsi Əziz Vəliyevin “Prezident İlham Əliyevin gənclər siyasəti gələcəyə hesablanmış uğurlu siyasətin təcəssümüdür” mövzusunda çıxışı dinlənilib.

 

Tədbirin sonunda Bakı Media Mərkəzinin hazırladığı “İLHAM” adlı sənədli film nümayiş etdirilib.