Naxçıvan Dövlət Universitetində “Naxçıvan şəhid ailələri” İctimai birliyi ilə görüş keçirilib.

 

Görüşdə çıxış edən universitetin rektoru Elbrus İsayev deyib ki, şəhidlər bizim qürurumuz, fəxrimizdir. Vətən naminə canını qurban vermiş şəhidləri xalqımız heç zaman unutmayacaq, onların xatirəsi hər zaman qəlblərdə yaşayacaq.

        

Görüşdə universitetdə keçirilən tədbir və layihələrdə şəhid ailəsi üzvlərinin iştirakının təmin olunması, şəhidlərlə bağlı keçirilən istənilən tədbirlərdə universitet tələbələrinin iştirakı, şəhidlər üçün tikinti layihələrinə universitetin memarlıq kafedrasından texniki dəstək göstərilməsi, şəhidlərə aid kitab təqdimatlarının, rəsm sərgilərinin, müxtəlif idman və digər yarışların keçirilməsi, universitet televiziyası tərəfindən şəhidlər üçün müxtəlif sənədli filmlərin hazırlanması, şəhid övladlarına universitetin Beynəlxalq Məktəbində güzəştli təhsil imkanının və şəhid övladlarının tədris materiallarına əlçatanlığının təmin edilməsi, ictimai birliyin fəaliyyətinə yaxından dəstək verilməklə birliyin loqosunun hazırlanması, sosial şəbəkə hesablarının idarə edilməsi və qrant layihələrə müraciət etmək üçün dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

        

Tədbirdə “Naxçıvan şəhid ailələri” İctimai birliyin sədri Mais Gülməmmədov çıxış edərək dövlətin şəhidlərə, şəhid ailələrinə və qazilərə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

        

Sonda rektor E.İsayev görüşdən xatirə olaraq universitetin Texnologiya Mərkəzində hazırlanan Xarı bülbül əl işini  birliyin sədri M.Gülməmmədova təqdim edib.