Naxçıvan Dövlət Universitetinin tərəfdaşı olduğu Avropa Komissiyasının Erasmus+ LMQS Sante layihəsi çərçivəsində ali təhsil ocağında Ustadlıq Mərkəzinin açılışı olub. Tədbir Erasmus+ LMQS Sante layihəsinin idarə heyətinin iştirakı ilə baş tutub.

 

Ali təhsil ocağının rektoru Elbrus İsayev qonaqlara universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti barədə ətraflı məlumat verib.

 

Rektor yaradılacaq tibb kampusu və ali təhsil ocağında müasir dövrün tələblərinə uyğun ixtisasların üstünlüklərindən, universitetin beynəlxalq layihələrdə uğurlu iştirakından danışıb. Qeyd edilib ki, tibbi kadrların ha­zırlığı üçün xarici universitetlərlə geniş əlaqələr, təcrübə mübadilələri, fakültə­nin beynəlxalq layihələrdə iştirakı, müasir laboratoriyaların qurulması tədris imkanlarını daha da artırır. Tibb fakültəsinin məzunları nəinki Naxçıvan­da, hətta onun hüdudlarından kənarda – Amerika Birləşmiş Ştatları, Braziliya, İspaniya, Almaniya, İtaliya, Türkiyə və digər ölkələrdə təhsillərini davam et­dirərək muxtar respublika səhiyyəsinin inkişafında mühüm rol oynayırlar.

 

Rektor ali təhsil ocağında yaradılan LMQS Ustadlıq Mərkəzinin tibb sahəsində kadr hazırlığının aparılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Tədbirdə rektor müşaviri Rəcəb Cəfərli Ustadlıq Mərkəzinin təqdimatını edib. O, layihənin icrasında məqsədin Avropa təhsil sisteminə uyğun dərsliklərin hazırlanması, müəllim heyətinin təkmilləşdirilməsi və nəticədə tibb ixtisası üzrə bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrin müasir tələblərə cavab verən kadr kimi yetişdirilməsi olduğunu deyib.

 

Rektor müşaviri Ustadlıq Mərkəzinin tibb ixtisasları üzrə təhsil alan tələbələrin praktik vərdişlərə yiyələnmələri üçün böyük əhəmiyyət daşıdığını söyləyib, buradakı avadanlıqların idarə olunması və funksiyaları haqqında iştirakçılara məlumat verib.

        

Erasmus+ LMQS Sante layihəsinin idarə heyəti adından çıxış edən Qazaxstan Kokşentausky Universitetinin əməkdaşı Svetlana Muradbekova ERASMUS+ layihəsinin əhəmiyyətindən danışaraq Ustadlıq Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıb.