Naxçıvan Dövlət Universiteti və “Naxçıvan Qaziləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə birinci Qarabağ müharibəsi qazisi, rəssam Şəmsəddin Böyükdüzlünün əsərlərindən ibarət “Şəhid əmanəti“ adlı rəsm sərgisi keçirilib.

 

Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qəhrəman hərbçilərimizin keçdiyi döyüş yolu haqqında məlumat verib, ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb, sərginin mənəvi əhəmiyyətini diqqətə çatdırıb.

 

“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədr müavini Əli Əlisoy çıxışında vurğulayıb ki, son illər şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, milli qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması, sosial-hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən tədbirlər həyata keçirilir.

 

Birinci Qarabağ müharibəsi qazisi, rəssam Şəmsəddin Böyükdüzlü isə çıxışında sərginin əhəmiyyətindən danışıb, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən bütün Vətən oğullarının əziz xatirəsinə həsr olunduğunu qeyd edib.

 

Sonra sərgiyə baxış olub və Naxçıvan şəhidlərinin portretləri ailə üzvlərinə təqdim edilib.