Türkiyənin Ankara Universitetinin rektoru Necdet Ünüvar başda olmaqla, universitetin professor və müəllimlərindən ibarət nümayəndə heyəti Lənkəran Dövlət Universitetində (LDU) olub.

 

LDU-nun rektoru professor Natiq İbrahimov türkiyəli qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verib, LDU-da son illərdə tədrisin yenilənməsi və modernləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

 

Türkiyəli qonaqlara LDU ilə əyani tanışlıq imkanı yaradılıb. Ankara Universitetinin təmsilçiləri ali məktəbdə yeni yaradılmış baytarlıq fakültəsi, onun tədris bazası, laboratoriyaları, universitetin yardımçı təsərrüfatı, yeni istifadəyə verilmiş tədris binaları və s. ilə əyani tanış olublar.

 

Universitetin Elmi kitabxanasında nümayəndə heyəti ilə LDU-nun tələbə və müəllimlərinin görüşü də keçirilib.  Rektor N.İbrahimov Ankara Universiteti ilə LDU arasında qarşılıqlı əlaqələrin hələ 1992-ci ildə yaradıldığını, müəyyən səbəblər üzündən davamlı olmadığını, son ildə isə bu əlaqələrin bərpa olunduğunu diqqətə çatdırıb. Professor yaşı 100-dən çox olan Ankara Universitetinin təhsil uğurlarından danışıb, bu ali təhsil ocağı ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını qeyd edib. Bildirib ki, LDU-nun nümayəndə heyəti ötən ay Ankara Universitetində səfərdə olarkən universitetlərarası əlaqələrin möhkəmləndirilməsi ətraflı müzakirə olunub, əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb, iki ali məktəb arasında təhsil, akademik və mədəni sahədə əməkdaşlıq protokolu imzalanıb.

 

Rektor Necdet Ünüvar Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı əlaqələrdən, onların inkişafından söz açıb və bu əlaqələrin təhsil sahəsinə müsbət təsirini xüsusi vurğulayıb.

 

Görüşdə Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyətini maraqlandıran suallar hər iki rektor tərəfindən cavablandırılıb.

 

Tədbirin sonunda Ankara Universitetinin rektoru Necdet Ünüvara Lənkəran Dövlət Universitetinin fəxri professoru plaketi təqdim olunub.

 

Görüş LDU və onun nəzdindəki Sosial və Aqrar Texnoloji Kollec tələbələrinin ifasında Azərbaycan-Türkiyə dostluğuna həsr olunan maraqlı konsert proqramı ilə yekunlaşıb.