Naxçıvan Müəllimlər İnstitutunda  Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Mənəvi dəyərlərimizin qorunmasında tarixi abidələrin rolu" mövzusunda elmi-praktik konfrans keçirilib.

 

İnstitutun rektoru Azad Novruzov qeyd edib ki, ulu babalarımızın bizə yadigar qoyduğu tarixi abidələr Azərbaycan xalqının qədim mədəniyyətinin göstəricisidir. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması istiqamətində mühüm işlər görülüb, bu sahədə dövlət siyasətini həyata keçirmək üçün zəngin qanunvericilik bazası yaradılıb:”Abidələr xalqın daş yaddaşıdır. Onları qorumaq, abad saxlamaq və gələcək nəsillərə ötürmək bizim hər birimizin vətəndaşlıq borcudur”.

 

Sonra AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya Arxeologiya İnstitutunun icraçı direktoru Vəli Bəxşəliyev çıxış edərək bildirib ki, abidələr və tarixi yerlərimiz öz görkəmləri ilə xalqımızın zəngin tarixini bir daha əyani nümayiş etdirir:” Bizə hər an kimliyimizi, nəyə qadir olduğumuzu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır. Ölkəmizdə də yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur.Tarixi abidələrin bərpası və qorunmasına xüsusi diqqət göstərmiş, bu işlərə dövlət dəstəyini əsirgəməmiş Ümummilli Lider Heydər Əliyevin qoyduğu ənənəni bu gün Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkə daxilində və xaricində böyük işlər həyata keçirilməklə davam etdirirlər. Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub.Ölkə başçısının böyük diqqət və qayğısı sayəsində Azərbaycanda tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Bakı, Naxçıvan, Şəki, Şamaxı, Quba, Qəbələ, Gəncə, Bərdə, bir sözlə, Azərbaycanın dörd bir yanında yerləşən tarixi binalar, qalalar, dini məbədlər və digər mədəni irs nümunələrimizin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir”.

 

Sonda incəsənət kafedrasının təşkil etdiyi “Tarixi abidələrimiz-rəsmlərdə” adlı rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.