ADPU-nun Quba filialında beynəlxalq elmi konfrans keçirilib


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər" adlı III Beynəlxalq elmi konfrans keçirilib.


Konfransın açılış mərasimindən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı  İlqar Mahmudov, filialın direktoru, dosent Yusif Alıyev, Quba rayon prokuroru Namiq Muradov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Quba rayon şöbəsinin rəisi Elcan Süleymanov və ADPU  nümayəndə heyətinin üzvləri- professor Müseyib İlyasov və professor Fərrux Rüstəmov Ümummilli Lider Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsini ziyarət ediblər.


Sonra tədbirdə çıxış edən filialın direktoru dosent Y.Alıyev bildirib ki,  beynəlxalq elmi konfransın əsas məqsədi regionlarda təhsilin və alimlərin elmi-tədqiqatçılıq bacarıqlarının  inkişafı, qabaqcıl təcrübənin öyrənilməsi, kadr potensialının yüksəldilməsi, qarşılıqlı elmi və beynəlxalq əlaqələrin qurulması, innovasiyanın gücləndirilməsi, habelə alimləri, tədqiqatçıları, dövlət və özəl sektor təmsilçilərini bir araya gətirməkdir. Qeyd olunub ki, 5 fərqli ölkənin (Azərbaycan, Türkiyə, Rusiya, Şimali Kipr, Moldova) 9 universitetinin (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu, Qars Qafqaz Universiteti, Kiriniya Amerikan Universiteti, Dağıstan Dövlət Texniki Universiteti, Həştərxan Dövlət Universiteti, Kişinyov Dövlət Pedaqoji Universiteti və Mərsin Arxeoloji Müzeyi) dəstəyi ilə təşkil olunan beynəlxalq konfransın Təşkilat Komitəsinə 104 məqalə təqdim olunub,  onlardan 82 məqalə məruzə üçün qəbul edilib.


Daha sonra çıxış edən rayon icra hakimiyyəti başçısının sosial və humanitar məsələlər üzrə müavini Səidə Abasova regionlarda ali təhsilin inkişafının vacibliyini diqqətə çatdıraraq, bu sahədə Quba filialının örnəyinin təqdirəlayiq hal olduğunu söyləyib.


Tərəfdaş universitetlərdən Qars Qafqaz Universitetinin rektor köməkçisi Engin Qılınc təmsil etdiyi ali təhsil ocağının Türkiyədə region universiteti olmasına baxmayaraq, dünyanın nüfuzlü ali məktəbləri sırasında yer aldığını, bu sahədə Azərbaycan universitetləri, xüsusilə də, region ali məktəbi olan Quba filialı ilə əməkdaşlıqdan məmnunluğunu bildirib.


Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru dosent Elbrus İsayev qeyd edib ki, vaxtilə ADPU-nun filialı kimi fəaliyyətə başlayan NDU hazırda dünyanın ən aparıcı universitetlərinin reytinq sıralamasında yer alır.


Daha sonra çıxış edən Kiriniya Amerikan Universiteti, Coğrafiya İnstitutu, Dağıstan Dövlət Texniki Universiteti, Həştərxan Dövlət Universiteti, Kişinyov Dövlət Pedaqoji Universiteti, Mərsin Arxeoloji Müzeyi və Pəncab Universitetinin nümayəndələri də konfransın ölkələrin qarşılıqlı əməkdaşlığı baxımından əhəmiyyətini diqqətə çatdırıblar. Qeyd olunub ki, dünya üzrə artan rəqabətə davam gətirə bilmək üçün ali təhsil ocaqlarında XXI əsrin tələblərinə uyğun təhsil modelinin qurulması vacibdir.
Sonda Quba Uşaq Musiqi məktəbi kollektivinin və filial tələbələrinin ifasında musiqi nömrələri təqdim olunub.