Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji fakültənin və humanitar və ictimai fənlər kafedrasının birgə təşkilatçılığı ilə "Tarixi Azərbaycan torpağı: Yurd yerimiz-Qərbi Azərbaycan" adlı tədbir keçirilib.

 

İnstitutun rektoru Azad Novruzov giriş sözü ilə çıxış edərək bildirib ki, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın XX əsrdə mərhələlərlə davam etmiş deportasiyası bu ərazidəki tarixi abidələrimizin mənimsənilməsi, mümkün olmadıqda isə dağıdılması, yer adlarının dəyişdirilməsi ilə müşayiət olunub. 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, xalqımızın Ermənistan ərazisindəki mədəni irsi də vandalizmə məruz qalıb. Rektor diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev hər zaman müxtəlif çıxışların­da,  bəyanatlarında Qərbi Azərbaycan məsələsinə toxun­ub, tarixən xalqımıza məxsus bu ərazilərin taleyi ilə bağlı fikirlərini ifadə edib:”Ulu Öndərin demək olar ki, bütün çıxışlarında İrəvanın ermənilərə verilməsi, bu tarixi şəhərin Azər­baycana məxsus olması məsələsi xüsusi yer tuturdu. Heydər Əliyev həmin dövrdə cərəyan edən tarixi prosesləri ən müxtəlif arxivlərdə, hətta məxfi arxivlərdə saxlanı­lan bir çox sənədlər əsasında tədqiqatçı və tarixçilərdən daha öncə təhlil edə bilmiş, bu məsələnin hansı şərtlər altın­da baş verməsinə, Cümhuriyyət qurucularının məktublarında bu barədə bildirdikləri fikirlərə yaxın­dan bələd olmuşdur”.

 

A.Novruzov vurğulayıb ki, İrəvanın, Zəngə­zurun, Dərələyəzin, Göyçənin və digər ərazilərin tarixinin öyrənil­məsi, bu tarixin unudulmaması, gələcək nəsillərə çatdırılması Ulu Öndərin başlıca hədəflərindən biri olub. Rektor qeyd edib ki,   institutun professor-müəllim-tələbə heyəti də bu mövzuda öz axtarışları, apardıqları dolğun tədqiqatları ilə Qərbi Azərbaycan haqqında təsdiq edilmiş həqiqətləri dünya ictimaiyyətinə çatdırmalı və təbliğ etməlidirlər. A.Novruzov  növbəti tədris ilindən Qərbi Azərbaycana həsr edilən seçmə fənlərin tədris olunacağını diqqətə çatdırıb.

 

Sonra humanitar və ictimai fənlər kafedrasının müdiri Aslan İbrahimov "XX əsrdə Azərbaycan türklərinin Qərbi Azərbaycandan deportasiyasi və bunun nəticələri" mövzusunda, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri dosent Həsənalı Eyvazlı "Qərbi Azərbaycanda gəzib gördüklərim", həmin kafedranın gənc müəllimi, dissertant Şəbnəm Əliyeva "Ürəyimizi titrədən Qərbi Azərbaycan nisgili" adlı məruzələrlə çıxış ediblər.

 

Daha sonra pedaqoji fakültənin “Tarix müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Natella Qazıyeva “Qərbi Azərbaycan memarlıq abidələri" mövzusunda çıxış edib.

 

Tədbir tələbələrin ifasında bədii proqramla başa çatıb.