LDU-da elmi-praktiki konfrans keçirilib


Lənkəran Dövlət Universitetində (LDU)  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar növbəti elmi-praktiki konfrans keçirilib. “Heydər Əliyevin milli iqtisadi inkişaf modeli Azərbaycanın iqtisadi müstəqilliyinin əsasıdır” mövzusunda keçirilən konfransda çıxış edən LDU rektorunun müşaviri professor Mikayıl Məhərrəmov Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadi gücünün artmasında göstərdiyi misilsiz xidmətlərindən danışıb. Bildirib ki, universitetdə Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı keçirilən konfranslardan birinin məhz iqtisadi mövzuya həsr edilməsi təsadüfi deyil, çünki böyük dövlət xadimi hər zaman bu sahəyə xüsusi diqqət göstərib. Professor bildirib ki, Ümummilli Liderin siyasi və iqtisadi kursunu onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir.

        

Elmi-praktiki konfransda iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Gülbəniz Əliyeva  “Heydər Əliyev Azərbaycan milli iqtisadi inkişaf modelinin müəllifi kimi” mövzusunda  geniş məruzə edib. Məruzədə qeyd edilib ki,  Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli iqtisadi inkişaf modeli fundamental prinsiplərə söykənib. Bu prinsiplər ölkənin malik olduğu zəngin resurslardan səmərəli istifadə edilməsi, bazar iqtisadi sisteminin əsaslarının yaradılması, onun iqtisadi inkişafının sürətləndirilməsi, Azərbaycanın dünya iqtisadi sisteminə səmərəli inteqrasiya edilməsi, son nəticədə ölkənin iqtisadi, siyasi, mənəvi, sosial inkişafına xidmət edən prioritet istiqamətlərdən ibarət olub. Ulu Öndərin iqtisadi inkişaf modelinin əsasını eyni zamanda  bazar iqtisadiyyatının qurulması ilə bağlı iqtisadi islahatların ardıcıl, mərhələli və sistemli şəkildə aparılması, iqtisadi islahatların möhkəm qanunvericilik bazasına əsaslanması, yeni milli iqtisadi inkişafın sosialyönümlülüyü, onun cəmiyyətin bütün üzvlərinin maraqlarına, mentalitetə və demokratik dəyərlərə uyğunluğu, ölkənin malik olduğu zəngin təbii, maddi, əmək resurslarından səmərəli istifadə edilməsi, iqtisadi cəhətdən müstəqil milli iqtisadiyyatın əlverişli investisiya, innovasiya və sahibkarlıq mühitinin yaradılması, iqtisadiyyatın qloballaşması və milli maraqların əlaqələndirilməsi təşkil edib.

 

Qeyd edək ki, elmi-praktiki konfrans işini bölmələrdə davam etdirir. Bölmələrdə  LDU ilə yanaşı, ölkənin digər ali təhsil ocaqlarının magistr və doktorantlarının, müəllimlərinin 80-nə yaxın tezisi dinləniləcək.