Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycançılıq ideologiyası ilə yetişən gənclik: şəhidliyin Elşad zirvəsi” adlı tədbir keçirilib. Tədbir Vətən müharibəsi şəhidi, mayor Elşad Həsənovun xatirəsinə həsr olunub.

 

Quba filialının ədəbiyyat və dillər kafedrasının müəllimi Kəmalə Bayramovanın moderatorluğu ilə keçirilən tədbirdə giriş nitqi ilə çıxış edən filialın direktoru dosent Yusif Alıyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın bu günü üçün hakimiyyətinin ilk illərində atdığı strateji addımlardan, xüsusilə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılma səbəbindən danışıb, daha sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qəhrəman oğullarının canı bahasına əldə edilən tarixi qələbəmizdən bəhs edib, gənclərin vətənpərvər yetişdirilməsi istiqamətində filialda görülən işləri sadalayıb.

 

Tədbirdə, eyni zamanda, Quba şəhər 6 saylı məktəbin direktor müavini yazıçı, pedaqoq Cəmafər Əliyevanın “Murovun Elşad zirvəsi” kitabının təqdimatı da baş tutub.

 

Dosent Y.Alıyev bildirib ki, Cəmafər Əliyevanın “Murovun Elşad zirvəsi” kitabı şəhidimizin qəhrəmanlıq dolu həyatlarının gələcək nəsillərə ötürülməsi, öyrənilməsi baxımından olduqca vacibdir.

 

Daha sonra “Azad Azərbaycan” qəzetinin xüsusi müxbiri, “Qızıl qələm” mükafatı laureatı, kitabın redaktoru Tamilla Məmmədzadə, şəhid Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova, Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Vətən müharibəsi iştirakçısı Asəf Şirinov, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova,  şəhid Mehrab Niftəliyevin atası Zöhrab Niftəliyev və anası Xalidə Niftəliyeva, şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova, Xaçmaz Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi, Vətən müharibəsi iştirakçısı, mayor Tarıyel Didarov, Quba şəhər 6 saylı məktəbin direktoru Üzeyir Muradov, yazar, pedaqoq Cəmafər Əliyeva çıxış ediblər. Çıxışlarda belə bir tədbirin keçirilməsinə görə filial rəhbərliyinə minnətdarlıq ifadə olunub.