Türkiyə Böyük Millət Məclisinin üzvü, tanınmış siyasətçi, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım Bakı Dövlət Universitetinin (BDU) sosial elmlər və psixologiya fakültəsinin qonağı olub.

 

Dekan Rövşən Cavadov qonağa fakültənin fəaliyyət istiqamətləri, mövcud ixtisaslar, müəllim-tələbə heyəti haqqında məlumat verib. Qeyd edib ki, BDU-da təhsil alan türkiyəli tələbələrin ən çox seçdikləri ixtisaslardan biri məhz psixologiyadır. Şamil Ayrım müxtəlif sahələr üzrə əməkdaşlığın önəmini vurğulayıb, fakültə rəhbərliyinə elmi fəaliyyət və tədrisin təşkilində uğurlar arzulayıb.

 

Türkiyəli millət vəkili sonra sosiologiya kafedrasının professor-müəllim heyəti ilə görüşüb, müzakirələr aparıb. Müzakirələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaş ölkələr arasında elm, təhsil, mədəniyyət, iqtisadiyyat, siyasət, sosial əlaqələrə diqqət yetirilib. Görüşdə bu əlaqələrin daha da gücləndirilməsi üçün professor-müəllim heyəti və tələbələrin aktivliyinin artırılmasının zərurəti önə çəkilib. Postmünaqişə dövründə Qarabağın inkişafına Türkiyə Cümhuriyyətinin dəstəyi, həmçinin Azərbaycan və Türkiyə əlaqələrinin gələcək inkişaf perspektivləri istiqamətində fakültənin xətti ilə görülə biləcək işlər barəsində fikir mübadiləsi aparılıb.