Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ulu Öndər Heydər Əliyevin Anım gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdən öncə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və universitetin kollektivi Fəxri xiyabana gedərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

 

Sonra keçirilən tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb: “Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyi dövrünü əhatə edən 1969/1982-ci illər ölkəmizin inkişafının intibah dövrü olub. Həmin dövrdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də ictimai-mədəni sahələrdə dinamik və güclü inkişaf yolu keçib. Heydər Əliyev təhsilə, tərbiyəyə strateji sahə kimi baxıb, təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahədə ciddi işlər görüb. Həmin illərdə ölkəmizdə orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılıb, 6 yeni ali təhsil müəssisəsi açılıb və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırılıb. Bizim universitetin yaradılması təşəbbüsü də 1975-ci ildə məhz onun tərəfindən irəli sürülüb”.

 

Ümummilli Liderin irsinin tədqiqatçısı, "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyinin müəllifi, xalq yazıçısı Elmira Axundova Ulu Öndərlə bağlı xoş xatirələrini bölüşüb, zəngin dövlətçilik irsindən söhbət açıb. Bildirib ki, Heydər Əliyevin bənzərsiz tarixi şəxsiyyət kimi dövlətçiliyimizin təşəkkülündə və inkişafında müstəsna rolu danılmazdır.

 

Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolundan və milli dövlətçilik tariximizdə misilsiz xidmətlərindən, o cümlədən memarlığın inkişafı naminə müstəsna fəaliyyətindən danışıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.

 

AzMİU-nun magistrantı Zərif Şirəliyeva çıxış edərək Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıb, dahi şəxsiyyətin gənclərə göstərdiyi dəstəkdən danışıb.

 

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film izlənilib.