Prezident yanında Ali Attestasiya Komissiyasının (AKK) 08 dekabr 2023-cü il tarixli qərarı ilə Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev kimya elm sahəsi üzrə 2306.01- Üzvi kimya ixtisasından professor elmi adına layiq görülüb.

 

Ona diplom AAK Rəyasət Heyətinin 22 dekabr 2023-cü il tarixli iclasında Komissiyanın sədri professor Famil Mustafayev tərəfindən təqdim edilib.

 

Məlumat üçün bildirək ki, Ə.Sucayev 2008-ci ildə “Üzvi kimya” ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru, 2018-ci ildə kimya elmləri doktoru elmi dərəcəsinə, 2017-ci ildə isə dosent elmi adına layiq görülüb.

 

2005-ci ildən Aşqarlar Kimyası İnstitutunun “Aşqarlarin sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, laboratoriya müdiri və institutun elmi işlər üzrə direktor müavini vəzifələrində işləyib. 2021-ci ildən isə icraçı direktor vəzifəsində çalışır.

 

Ümumilikdə 150 elmi əsəri çap olunub, onlardan 2 monoqrafiya, 8 Azərbaycan Respublikası Patenti, 80 məqalə, qalanları isə konfrans materialı ‒ tezisdir. Qlobal elmi informasiya şəbəkələrindən götürülən məlumatlara görə, tədqiqat sahəsi üzrə 60 elmi əsəri müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olub və onlara dünya alimləri tərəfindən 1572 istinad edilib, H-indexi 22-dir.