“Naxçıvan” Universitetinin rektoru dosent Anar Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

 

UNEC rektoru professor Ədalət Muradovun iştirakı ilə keçirilən görüşdə universitetlər arasında bu ilin aprel ayında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində görülən işlər müzakirə olunub. “Naxçıvan” Universitetinin müəllim və tələbə heyətinin UNEC-in e-kitabxanasından istifadəsinin təmin olunduğu, “E-Views əsaslı Ekonometrika” fənni üzrə təlim proqramında “Naxçıvan” Universitetinin 5 əməkdaşının uğurla iştirak etdiyi bildirilib. Yaz semestrindən isə tələbə mübadiləsinə start veriləcəyi qeyd olunub.

 

Rektor dosent Anar Kazımov UNEC-in beynəlxalq reytinqlərdə dünya universitetləri ilə bır sırada dayanmasından qürur duyduğunu ifadə edərək, bu ali təhsil ocağının təcrübəsinin “Naxçıvan” Universitetinə böyük töhfələr qazandıracağından əminliyini  söyləyib.

 

Müzakirələrdən sonra rektorlar arasında tələbə mübadiləsinə dair razılaşma protokolu imzalanıb.