Ölkədə təhsilin inkişafına yönəlmiş kompleks islahatlar, qabaqcıl ideyalar və layihələr cəmiyyətimizin inkişafına öz töhfələrini verir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə təhsilimizin inkişafı istiqamətində çoxsaylı uğurlara imza atılıb, təhsil sistemində ciddi işlərin həyata keçirilməsi prosesi davamlı xarakter alıb.

 

Hazırda Balakən rayonu A.Səhhət adına Hənifə kənd tam orta məktəbində təhsil alan 348 şagirdin təlim- tərbiyəsi ilə 39 müəllim məşğul olur. Məktəb binası 2013-cü ildə istifadəyə verilib, bura 24 sinif otağı, 2 laboratoriya, 1 kompüter otağı ilə 480 nəfərlik şagird üçün nəzərdə tutulan birtipli təhsil müəssisəsidir.   

 

Məktəb qazla qızdırılır, ayrıca qazanxanası var. Carı tədris ilinin əvvəlində istilik sistemi ilə bağlı qazanxanada yaracaq problemlərlə əlaqədar Şəki –Zaqatala Regional Təhsil İdarəsi tərəfindən müvafiq tədbirlər görülüb, lazım olan avadanlıqlar qısa zaman ərzində məktəbə çatdırılıb və yaxud dəyişdirilib.  Hazırda sinif otaqları normal şəkildə isinir, istiliklə bağlı heç bir problem yoxdur.

 

Keçən tədris ilində məktəbin XI sinfini 7 şagird bitirib. 3 nəfər ali məktəbi, 1 nəfər isə Tibb kollecini seçib. Qalan 3 şagird müəyyən peşə ixtisaslarına yönəldilib.

 

Məktəbin direktoru Əməkdar müəllim Cavanşir Alqayev bildirib ki, bu tədris ilində hədəf buraxılış siniflərində hər ay monitorinqlər keçirmək, nəticələri şagirdlərin valideynləri məktəbə dəvət olunmaqla birgə müzakirə etmək, zəif mənimsənilən mövzular aşkar edilərək, şagirdlərə təkrar izah olunmaqla daha uğurlu nəticələr qazanmaqdır. Bu məqsədlə məktəbdə “Keçirilmiş monitorinqlərin nəticələri” başlığı altında böyük lövhə düzəldilib, oktyabr və noyabr aylarında buraxılış siniflərində keçirilmiş monitorinqlərin nəticələri  şagirdlərə və valideynlərə bildirilib:”İnanıram ki, dərs ilinin sonuna qədər şagirdlərimizdə daha yaxşı irəliləyiş olacaq. Keçən tədris ilində V sinif  şagirdimiz Mələk Əhmədova  Lütfi-zadə adına  məntiq olimpiadasında iştirak edərək finala qədər gedə bilib.

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi  “Uşaq İncəsənət Festivalı”nda  6-9 yaş qrupunda  “ Aktyorluq” nominasiyası üzrə həvəskar kateqoriyasında hazırda məktəbimizin  V sinif şagirdi  Fatimə Çiraqi respublikada I yerə layiq görülüb, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş qızıldan hazırlanmış döş nişanı, diplom  və pul mükafatı ilə mükafatlandırılıb.

 

Ümumi orta təhsil səviyyəsini məktəbdə almış Şəfiqə Çiraqi ABŞ dövləti tərəfindən maliyyələşdirilən  FLEX (“Future leader’s exchange”) Proqramı çərçivəsində Moldovada ingilis dilinin təkmilləşdirilməsi üzrə  bir aylıq tam təqaüdlü yay proqramında iştirak edib. Şəfiqə Beynəlxalq Təhsil Həftəsində ölkəmizi layiqincə təmsil edərək 250 nəfərə yaxın icmaya Azərbaycan haqqında təqdimat edib. Hazırda Ş.Çiraqi Amerikada İndiana ştatının Berne şəhərində South Adams High School-da təhsilini davam etdirir”.         

 

Məktəbin rəhbəri sertifikasiya məsələlərinə də toxunub. Qeyd edib ki, ibtidai sinif müəllimlərindən 7 nəfər sertifikasiyadan uğurla keçib. Bir nəfər ibtidai sinif müəllimi analıq məzuniyyətində olduğu üçün, iki nəfər müəllimin yaşı 60-dan çox olduğu üçün sertifikasiyada iştirak etməyib. Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 3 müəllimdən birinin yaşı 60-dan çox olduğu üçün sertifikasiyada iştirak etməyib, müəllim Aysel Muradova isə test mərhələsində 51 bal, müsabiqə mərhələsində  38 bal,  cəmi 89  bal toplayıb.

 

Tədris ili ərzində məktəbdə fövqəladə hadisələr, narkomaniyaya qarşı mübarizə ilə bağlı bir sıra tədbirlərin keçirildiyini vurğulayan direktor C.Alqayev qeyd edib ki, 2023-2024-cü tədris ilində məktəbin pedaqoji kollektivi tədris prosesinin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması, qarşıya qoyulan təlimin keyfiyyətinin artırılması, sağlam mənəvi–psixoloji mühitin təşkil edilməsi  istiqamətində  hədəflərə çatmaq üçün  böyük əzmlə çalışacaq.