Türkiyədə nəşr olunan kitaba Aşqarlar Kimyası İnstitutu alimlərinin müştərək beynəlxalq tədqiqatlarının nəticələri daxil edilib


Türkiyənin dünyaca məşhur İKSAD Beynəlxalq Akademik Nəşriyyat Evi Cümhuriyyətin 100 illiyinə həsr edilən “Elmi tədqiqatlarda son inkişaflar II” (Recent developments in scientific research II) adlı kitab çap edib. Zərif üzvi kimya, biokimya və fiziki kimyaya aid beş fəsildən ibarət olan kitabın dördüncü fəslində Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun alimləri - akademik Vaqif Fərzəliyev və kimya elmləri doktoru, professor Əfsun Sucayevin Türkiyənin Atatürk və Bartin Universitetindən olan həmkarları ilə beynəlxalq səviyyədə apardıqları tədqiqatların nəticələrindən bəhs edilir. “N-əvəzli tiokarbamid və feniltiokarbamidin N-əvəzolunmuş yeni tsiklik törəmələrinin bioloji fəallıqları: sadədən mürəkkəbə doğru” adlanan icmal məqalədə (V.Fərzəliyev, P.Taslimi, Ə.Sucayev, N.Sadeghian, Z.Karaoglan, İ.Gülçin, Bioactivity of N-substituted cyclic derivatives of thiourea and phenylthiourea: from simplicity to complexity, Recent developments in scientific research II, book, Iksad Publications – 2024, Ankara/Turkey, p.57-81; https://iksadyayinevi.com/home/recent-developments-in-scientific-research-ii/ ) kimyaçı alimlər tərəfindən son 10 ildə zərif üzvi sintezin və nəzəri hesablamalar kimyasının imkanlarından istifadə etməklə kimyəvi reaksiyaların sadədən mürəkkəbə doğru təsir mexanizminin fundamental elmi əsaslarının yaradılması istiqaməti üzrə aparılan tədqiqatların müqayisəli nəticələri verilib.

 

Məlumat üçün qeyd edək ki, peşəkar akademik açıq nəşriyyatçı olan İKSAD Beynəlxalq Nəşriyyat Evi 2014-cü ildə Türkiyədə İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu tərəfindən təsis edilib. Adıçəkilən nəşriyyat CrossRef (Publishers International Linking Association) üzvüdür.