2023-cü ildə Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq əlaqələri son illərin uğurlu inkişaf dinamikasına uyğun artıb. 2023-cü ildə BDU-da 2 ikili diplom layihəsinin icrasına başlanılıb.

 

Belə ki, 2023-cü il 24 may tarixində BDU və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında”Biotexnologiya” ixtisaslaşması üzrə ikili diplom proqramı müqaviləsi imzalanıb. Sözügedən layihə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir. 2023-cü il dekabr ayının 8-də BDU ilə Çin Xalq Respublikasının (ÇXR) Anhui Universiteti arasında bakalavriat pilləsində “Filologiya (Çin dili və ədəbiyyatı)” ixtisası üzrə ikili diplom proqramı müqaviləsi imzalanıb. Bu layihə ÇXR-in Dil Tədrisi Əməkdaşlıq Mərkəzi tərəfindən maliyyələşdiriləcək. Bununla da BDU-nun ikili diplom proqramlarının sayı 12-yə çatıb.  

 

Bu barədə BDU-dan bildirilib.