İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz Balakişiyeva Mentorluq proqramına qəbul olunan Bakı Dövlət Universitetinin tələbələri Ləman İsparova və Ayxan Məmmədli ilə tanışlıq görüşü keçirib. Mentor N.Balakişiyeva tələbələrə Dövlət Neft Fondunun fəaliyyəti barədə məlumat verib, neft sektorunun qlobal iqtisadiyyatda rolu və perspektivlərindən bəhs edib. Mentor gələcək karyera seçimlərində düzgün addım atmaq məqsədilə mentilərinə texniki və idarəetmə bacarıqlarını inkişaf etdirməklə bağlı bir sıra tapşırıqlar verib. O, Mentorluq proqramının gələcək gedişatı ilə əlaqədar atılacaq addımları bölüşüb.

 

Tələbələr isə öz növbəsində ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduqlarını qeyd edib, Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkürlərini bildiriblər.    

 

Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsi qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.

 

“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.