Azərbaycan-Fransız Universiteti (UFAZ) yeni layihəyə start verib. “Mühəndislikdə Qızların Gücləndirilməsi” layihəsi STEM sahəsində gender bərabərliyini təmin etmək məqsədi daşıyır.

 

UFAZ-dan bildirilib ki, layihə gənc qızları mühəndisliyi uğurlu peşə və karyera fürsəti kimi qəbul etməyə təşviq edəcək. Qadınların kifayət qədər təmsil olunmadığı STEM sahələrində gender balansını bərpa etmək təşəbbüsü bu sahədə formalaşmış mənfi stereotipləri aradan qaldırmağa hesablanıb. Layihə çərçivəsində iştirakçılara mühəndisliyin fundamental prinsipləri və bu sahədə mövcud karyera imkanları haqqında məlumat veriləcək. Onlar, həmçinin problem həll etmək və komandada işləmək bacarıqlarını inkişaf etdirəcəklər.

 

Qeyd edək ki, “Mühəndislikdə Qızların Gücləndirilməsi” layihəsi çərçivəsində seminarlar və təqdimatlar Bakının beş müxtəlif məktəbində keçiriləcək. Sonda bu seminarlarda ən fəal iştirak edən 30 tələbə UFAZ-a və onun laboratoriyalarına baş çəkmək imkanı qazanacaq.