Azərbaycan Dillər Universitetində (ADU) 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və millət vəkillərinin iştirakı ilə mediatur təşkil olunub. Media nümayəndələri və millət vəkilləri imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər. KİV təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.

 

ADU-nun rektoru akademik Kamal Abdulla mediaturda iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib:

 

“Tələbələrimiz üçün hər cür şərait yaradılıb. İmtahanların idarə olunması üçün təcrübəli müəllimlərimiz cəlb olunub. ADU-da bir sıra yeni layihələr həyata keçirilməkdədir. Bu baxımdan ictimaiyyətə təqdim olunan “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2023)”  kitabı öz məzmun, mövqe və forması ilə diqqəti cəlb edir. Kitabda müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan haqqında yazılmış mühüm yazıların tərcüməsi və onlara münasibəti ifadə edən şərhlər öz əksini tapıb". 

 

ADU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova keçirilən tədbirlər və imtahan prosesi haqqında məlumat verib. Bildirilib ki, ADU mətbuatla sıx əlaqə qurur, imtahan prosesinin şəffaflığı və obyektivliyini açıq şəkildə ictimaiyyətə təqdim edir.

 

ADU-nun tədris işləri üzrə prorektoru Kifayət Hacıyeva imtahanların keçirilməsi prosesindən, yoxlama işlərinin obyektiv və şəffaf aparılması qaydalarından danışıb. Sessiya normativ sənədlərə uyğun keçirilir, tələbələr öz bilik və bacarıqlarını ən yüksək səviyyədə nümayiş etdirirlər.

 

Daha sonra KİV nümayəndələri və qonaqlar imtahan cavab kartlarının yoxlanması prosesini izləyiblər.