Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli IV Beynəlxalq “Səmərqənd-2020” Olimpiadasında uğurla çıxış edən komanda üzvləri ilə görüşüb.

 

Dörd mindən çox iştirakçının qatıldığı beynəlxalq yarışmada qələbə qazanan ATU tələbələrinin bu uğurunu böyük nailiyyət kimi dəyərləndirən G.Gəraybəyli bildirib ki, belə nüfuzlu müsabiqənin qalibi olmaq digər tələbələri də gözəl nəticələrə imza atmağa həvəsləndirəcək. O, ATU-nu beynəlxalq arenada ləyaqətlə təmsil edən tələbə və müəllimlərə təşəkkür edib, onlara gələcəkdə yeni uğurlar arzulayıb.

 

Qeyd edək ki, ötən ilin dekabrında Səmərqənddə keçirilən Tibb Universiteti Tələbələrinin IV Beynəlxalq Olimpiadasının nəticəsinə əsasən, ATU-nun tələbələri müxtəlif kateqoriyalar üzrə ilk yerləri tutublar. II müalicə-profilaktika fakültəsinin tələbəsi Gülgün Məmmədli I, stomatologiya fakültəsinin tələbələri Süsən Yaqubova və Emel Mahalova II, I müalicə-profilaktika fakültəsinin tələbəsi Tamara Mahalova isə III yerə layiq görülüblər.