Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin birgə həyata keçirdiyi “Məktəb Liderliyi Proqramı”nın II çağırışı çərçivəsində proqram iştirakçıları ilə təlimdənkənar fəaliyyət təşkil olunub.

 

Proqramın təlim modullarından biri olan “Məktəbdə səmərəli ünsiyyətin və sağlam psixoloji mühitin təşkili və idarə olunması” modulu üzrə “Məktəbdənkənar təhsilin təşkili” mövzusunda seminar keçirilib.

 

Seminar uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının müxtəlif profilli istiqamətlər üzrə səmərəli təşkili və onların hərtərəfli inkişafının təmini yönündə fəaliyyət göstərən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutub. Mərkəzin direktoru Lalə Qəti öz çıxışında məktəbdənkənar təhsilin təşkili, məzmunu, əsas fəaliyyət istiqamətləri, təhsilalanların inkişafındakı əhəmiyyəti barədə danışıb. Həmçinin mərkəzdə mövcud olan müxtəlif istiqamətli fəaliyyətləri – musiqi, rəsm, robotexnika, mental arifmetika, aktyorluq, rəqs və s. əks etdirən videoçarxlar nümayiş olunub, mərkəzə müraciət qaydaları ətraflı izah edilib.

 

Seminarın 2-ci hissəsində modul üzrə təlimçi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin aparıcı məsləhətçisi Aydan Əzimzadə təhsilalanların psixoloji sağlamlığının dəstəklənməsində sosial fəaliyyətin rolu, məktəbdənkənar təhsilin şagirdlərin öyrənmə motivasiyasına təsiri haqqında danışıb.

 

Seminar mövzuya dair diskussiya ilə davam edib.