Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Aşqarlar Kimyası İnstitutu və Neft və Qaz İnstitutu arasında birgə elmi tədqiqat fəaliyyətlərinə dair anlaşma memorandumu imzalanıb.

 

ADNSU-nun rektoru vəzifəsini icra edən dosent Vazeh Əsgərov tədbir iştirakçılarını salamlayaraq ali təhsildə elmi tədqiqatların əhəmiyyətindən danışıb. ADNSU ilə elmi-tədqiqat institutları arasında mövcud əməkdaşlığın genişləndirilməsini və birgə elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin təkmilləşdirilməsini prioritet istiqamətlər kimi vurğulayan dosent V.Əsgərov bu istiqamətdə memorandumların uğurlu olacağına əminliyini ifadə edib.

 

Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev və Neft və Qaz İnstitutunun direktoru akademik Fəxrəddin Qədirov çıxış edərək, ölkə rəhbərliyinin elmi-tədqiqat universitetləri və ali təhsil sahəsində yüksək elmi potensiala malik qurumlarla bağlı sərəncamlarından irəli gələn məsələlərin həllində əməkdaşlığın vacibliyini müzakirə ediblər.

 

Daha sonra tərəflər arasında anlaşma memorandumu imzalanıb.