İnformasiya Texnologiyaları İnstitutu ilə Azərbaycan Texniki Universitetinin (AzTU) elmi şuralarının birgə iclası keçirilib. Görüşdə hər iki elmi müəssisənin professor və müəllim heyəti, alim və mütəxəssisləri, eləcə də digər aidiyyəti şəxslər iştirak ediblər.

 

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev  ali məktəblə elmi müəssisənin elm, təhsil və innovasiyanın inteqrasiyası naminə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Akademik AzTU və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma memorandumundan irəli gələn məsələlər, praktiki vəzifələr barədə məruzə ilə çıxış edib. İnstitutun əsas elmi problemləri və prioritetləri, bu elmi müəssisədə beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində görülən işlər, elmi və texnoloji dəstək qrantları, AzScienceNet şəbəkəsinin xidmətləri, institutun kadr potensialı, həmçinin AzTU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlığın tarixi haqqında məlumat verib. Alim iki qurum arasında əməkdaşlıq çərçivəsində AzScienceNet şəbəkəsi, Data Mərkəz, Elektron Kitabxana və Tədris-İnnovasiya Mərkəzinin imkanlarından istifadənin nəzərdə tutulduğunu qeyd edib.

 

Daha sonra AzTU-nun rektoru professor Vilayət Vəliyev çıxış edərək, universitetin əsas fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və prioritetlər, həyata keçirilən layihələr, əməkdaşlıq əlaqələri və s. haqqında ətraflı məlumat verib.

 

V.Vəliyev İnformasiya Texnologiyaları İnstitutu ilə elmi-tədqiqat üzrə birgə fəaliyyətlə yanaşı, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlığı istiqamətində də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə əminliyini ifadə edib. Professorun sözlərinə görə, AzTU-nun əsas prioritet istiqamətləri bilavasitə informasiya texnologiyalarının inkişafı, kibertəhlükəsizlik problemləri, süni intellekt həllərinin yaradılması kimi çox ciddi, aktual və ölkə əhəmiyyətli məsələlərin həllinə yönəlib.

 

Rektor AzTU-da İT Departamentinin yenidən qurulmasında İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərinin imkanlarından istifadə olunmasının vacibliyindən də danışıb.

 

O, eyni zamanda AzTU tərəfindən daxili “Qrant Layihəsi Müsabiqəsi”nin elan olunması üçün prioritet elmi istiqamətlərin seçilməsi və müsabiqənin keçirilməsi şərtləri haqqında məlumat verib.

 

İclasda, həmçinin iki qurum arasında birgə tədqiqatların həyata keçirilməsi, qrant layihələrdə iştirak, İKT kurslarının, konfrans, seminar və dərslərin təşkili, elmi-ekspertiza fəaliyyətinin  həyata keçirilməsi, dərsliklərin, tədris resurslarının hazırlanması, tərcümə olunması və s. istiqamətlərdə geniş fikri mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.