Bakı Mühəndislik Universitetində “Robotex Azərbaycan” çərçivəsində münsiflər (hakimlər) və mentorlar üçün interaktiv təlim keçirilib.

 

Türkiyənin “Robotex” şirkətinin təsisçisi Orxan Çevik tərəfindən gerçəkləşdirilən təlimdə BMU ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji,  Odlar Yurdu universitetləri, Heydər Əliyev adına lisey, Bakı Avropa Liseyi, Bakı Modern Təhsil Kompleksi, Elitar gimnaziya, Zəkalar Liseyi, Səbail rayonu 7 saylı orta məktəb, İdrak Liseyi və digər təhsil, təlim və tədris mərkəzlərinin nümayəndələri iştirak ediblər.

 

Təlimçi hər il Estoniyanın paytaxtı Tallində robotexnika sahəsi üzrə təşkil olunan beynəlxalq yarışın, bu ildən etibarən isə “Robotex Türkiyə”nin tabeliyində keçiriləcək Azərbaycan mərhələsinin məqsədi və missiyası haqda məlumat verib.

 

Sonra münsif və mentorlar uşaqların, eləcə də gənclərin mühəndislik və elmə olan marağının artırılmasına xidmət edən yarışın təşkilati və texniki tərəfləri, seçim mərhələləri ilə tanış edilib.

 

“LEGO Sumo” robotu yarışları, “Makeblock” xətti izləyicisi,  kateqoriyalar üzrə qiymətləndirilmə prinsipləri, iştirakçı hüquqları, seçim prosedurları və s. kimi məsələlərə aydınlıq gətirən Orxan Çevik iştirakçıların suallarını cavablandırıb.