Rüfət Məmmədov: “Sizə nağıl kimi də gələ bilər”


Rüfət Məmmədov 2005-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 6 yaşında paytaxtdakı 211 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. Hazırda Texniki Humanitar liseyin 8-ci sinfində təhsil alır. İncəsənətə marağı isə lap erkən yaşlarından özünü göstərib. Televiziya kanallarında nümayiş olunan cizgi filmlərinə baxa-baxa rus və ingilis dillərini də öyrənib. Bu hələ harasıdır?! Sonradan öyrənəcəyik ki, bu yeniyetmə oğlan bütün yaş dövrlərində öz yaşıdlarından qeyri-adi davranış qaydaları və hamını heyran qoyan fitri istedadı ilə fərqlənib.

 

Bu keyfiyyətləri həm onun valideynlərini, həm tərbiyəçilərini, sonrakı illərdəsə müəllimlərini hədsiz sevindirib.

 

Qeyd etmək yerinə düşərdi ki, elə bütün karifeylərin, tanıdığımız və tanımadığımız məşhur sənət, peşə sahiblərinin uşaqlıq, yeniyetməlik illərinə nəzər salanda eyni maraqlı halların şahidi ola bilərik. Haqqında çox eşitdiyimiz istedadlı yeniyetmə olan Rüfətlə də görüşməyi, onunla həmsöhbət olmağı və dilindən eşidəcəklərimi ziyalı oxucu auditoriyamıza ötürməyi qərarlaşdırdım. Təklifimə hədsiz sevinən Rüfətlə söhbətimiz də çox şirin keçdi. Xoş bir xatirə kimi yaddaşıma həkk olunan söhbətin sizin də maraq dairənizi cəlb edəcəyinə zərrəcə şübhə etmədən, gəlin, onu bir yerdə dinləyək:

 

Sanki göyün yeddinci qatında uçurdum

 

- Uşaqlıqdan rəsm çəkməyi, rəqs etməyi, mahnı oxumağı çox sevirəm. Yaxşı yadımdadır, atam mənə oyuncaq bir gitara da almışdı. Mən Krokodil Gena, Çeburaşka mahnılarını özüm səsləndirirdim və elə özüm də oynayırdım. Bu, evdə hamının xoşuna gəlirdi və məni əsl istedad sahibi adlandırırdılar. Mən də bu sözlərdən ruhlanır, bir az da lovğalanırdım. Yaşım artdıqca isə nədənsə fərqli rəqs hərəkətləri etməyə daha çox marağım artdı. Hiss edirdim ki, rəqs edəndə sanki göyün yeddinci qatında uçuram.

 

Müəllimlərim mənə güvənirlər

 

Mən 4 yaşımdan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Çiçəyim” uşaq teatrının şagirdiyəm. Artıq 9 ildir ki, həmin teatrda istedad və bacarığımı nümayiş etdirirəm. Dəfələrlə Mərkəzin diplomunu qazanmışam. Bütün tədbirlərdə müəllimlərimdən öyrəndiklərimin sayəsində fəallıq nümayiş etdirmişəm və uğur qazanmışam. Buna görə də müəllimlərim və dəmək rəhbərlərim məni çox sevirlər, mənə güvəndiklərini dillərinə gətirirlər.

 

Bu sənətə həvəs nəslimizin genində var

 

Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Buta Palacedə keçirilən Yeni il şənliklərində həmişə fəal iştirak və baş rolları ifa edirəm. Bundan əlavə, müxtəlif musiqili proqramlarda dəyərli ifaçılarla eyni səhnəni bölüşmüş və gözəl mahnılar ifa etmişəm. 2014-cü ildən etibarən L. və M.Rostropoviçlər adma 21 nömrəli 11 illik musiqi məktəbinin fortepiano sinfində təhsil alıram. Mərkəzin rəhbəri Lalə Qəti və “Çiçəyim” uşaq teatrının bədii rəhbəri, pedaqoq, rejissor Rəna Kərimova məni çox sevirlər və istedadımı yüksək qiymətləndirirlər. Onların mənim üzərimdə əməklərini mən heç bir ölçü vahidi ilə müəyyən edə bilmərəm. Çünki istedadımın və bacarığımın üzə çıxarılmasında onların əməkləri misilsizdir. Yeri gəlmişkən bir məqamı da diqqətinizə çatdırım ki, mənim ulu babam bəstəkar, babam isə rəqqas olub. Yəni bu sənətə həvəs, necə deyərlər, nəslimizin genində var və mən də onu müəllimlərimin köməkliyi ilə inkişaf etdirirəm.

 

“Tək olanda qorxma” serialmda baş rolda çəkildim

 

“Space” telekanalında “Mən böyümüşəm” uşaq verilişinin aparıcısı olmuşam. 2013-cü ildə həmin telekanalda yayımlanan “Tək olanda qorxma” serialmda baş rolda çəkildim. Rejissor Nadir Diridağlı bu rolda çəkiləcəyimi bildirdikdə həm sevindim, həm də böyük məsuliyyət hiss etdim. Film valideynlərini avtomobil qəzasında itirən uşaqların həyatından bəhs olunurdu. Nəhayət ki, aktyorluq məharətimi nümayiş etdirdim və uğurlu alındı. Bu film məni dünyaya tanıtdı. 2012-ci ildə Amsterdamda keçirilən “Junior Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən heyətdə rəqs qrupuna seçildim. 2013-cü ilin noyabrında Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının xalq artisti Dmitri Bertmanın quruluşunda italyan bəstəkarı Umberto Cordanonun (Umberto Giordano) “Sibir” operası nümayiş olundu və səhnədə tək azərbaycanlı və kiçikyaşlı iştirakçı olaraq mən çıxış etdim. 20 noyabr 2014-cü ildə keçirilən Azərbaycan Uşaqlarının III Ümumrespublika Uşaq Forumunda iştirak edərkən ən balaca tədbir iştirakçısı idim. 2016-cı ilin mayında isə Türkiyənin Kayseri şəhərində keçirilən XI beynəlxalq məktəblərarası teatr festivalında “Çiçəyim” uşaq teatrını təmsil etdim və ən yaxşı uşaq aktyoru nominasiyasının qalibi oldum. Həmin il Türkiyədə keçirilən “Yetenek sizsiniz” yarışmasında 7 nəfərlik rəqs qrupunda hip-hop dansı təqdim etdim. Xaricdə festivalda təqdim edilmək üçün Michael Jacksonun həyatı haqqında çəkilən qısametrajlı filmdə baş rolda çəkildim. Həmin il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” və “Multikulturalizm ili” münasibətilə “Dostluq dünyamız” adlı ümumşəhər mahnı və rəqs festivalı keçirildi. Bu festivalda mərkəzin “Çiçəyim” uşaq teatrı studiyasının üzvü olaraq iştirak etdim və flaşmob səhnəciyində mahnı səsləndirdim. 2016-cı ilin 17 dekabrında Heydər Əliyev Sarayında keçirilən IZİMA Uşaq Festivalında 22 iştirakçıdan biri oldum...

 

Azərbaycan bayrağını Qarabağda asacağıq

 

Türkiyədə keçirilən uşaq festivalında iştirak edəcəyimi eşidəndə çox sevindim. 2014-cü ildə Mərkəzin “Azəri inciləri” rəqs qrupunun və “Çiçəyim” uşaq teatr studiyasının üzvləri Türkiyənin İstanbul şəhərinə dəvət olunmuşdu. İstanbulun Baxçalıevlər Kaymakamlığı İlçə Milli Təhsil Müdirliyi tərəfindən 23 aprel Beynəlxalq Uşaq Festivalına dəvət alan mərkəzin 33 nəfərdən ibarət nümayəndə heyəti tədbirdə türk və liviyalı uşaqlarla birlikdə çıxış etdi. Festivala toplaşan qonaqlar, uşaqlar və valideynlər ifa olunan “Azərbaycan süitası”, “Şənlik” rəqsi və “Azərbaycan” mahnısını maraqla dinlədilər. Çıxışım iştirakçılarda xoş ovqat yaratdı. Yaşıdlarında birlikdə müxtəlif mükafat, diplom və hədiyyələr qazandıq. Baxçalıevlərdəki liseydə festivalın final konserti keçirildi. Azərbaycan rəqqaslarının rəngarəng rəqsləri nümayiş olundu. Balacaların hazırladıqları səhnəcik və kompozisiyalar qonaqlarda xoş ovqat yaratdı. Konsertin ən maraqlı çıxışı isə dəmək üzvü Şahin Tağızadənin ifa etdiyi “Çırpınırdı Qara dəniz” mahnısı hamını heyran etdi. Mahnının final hissəsində “Azərbaycan bayrağını Qarabağdan asacağız” sözlərini zala toplaşanlar əllərində Azərbaycan bayraqları ayağa qalxaraq xorla ifa etdilər. 23 sentyabr 2018- ci il Moskvada keçirilən 9 ölkənin iştirak etdiyi “Vo Ves Qolos” televiziya müsabiqəsində Azərbaycan komandası olaraq iştirak etdim və böyük uğur qazandım.

 

Beynəlxalq festival çox maraqlı keçdi

 

2018-ci ilin oktyabrında İspaniya Krallığının Coste de Sol şəhərində keçirilən uşaq və gənclərin “Tu onda” (Sənin dalğan) Beynəlxalq festivalda mən də iştirak edirdim. Moda mədəniyyəti nominasiyası üzrə podiumdakı çıxışım hamını heyran etdi. İspaniyanın məşhur və tanınmış modelyerinin hazırladığı geyimdə yüksək aktyorluq məharəti, professionallıq nümayiş etdirdim və birincilik qazandım.

 

Müsabiqələrdə birinciyəm

 

Müxtəlif illərdə dəfələrlə dövlət qurumları tərəfindən fəxri fərman və diplomlarla mükafatlandırılmışam. Təhsil Nazirliyi tərəfindən müsabiqə və yarışlarda fəal iştirakıma, filmlərdə uşaq rollarını məharətlə ifa etdiyimə, uşaq verilişlərinin aparıcısı kimi xüsusi bacarıq və qabiliyyət nümayiş etdirdiyimə görə, mərkəzin rayon, şəhər, respublika və beynəlxalq tədbirlərinin fəal iştirakçısı kimi fərqləndiyimə görə, “Məktəbini tanıt” videoçarx müsabiqəsində fəal iştirakçı olduğuma görə diplom və fəxri fərmanlara layiq görülmüşəm.

 

Asudə vaxtlarımı səmərəli keçirirəm

 

Mən gələcəkdə dizayner olmaq istəyirəm. Bundan əlavə, gələcəkdə Holluvudda məşhur filmlərdə baş rollarda çəkilmək və paralel olaraq vokal istedadımı davam etdirərək mahnılarımı ifa etmək arzusundayam. Düzdür, bu sözlərim bu gün sizə bir az nağıl kimi də gələ bilər, yəni reallığa uyğun qəbul etməyə də bilərsiniz, ancaq inanın, gecə-gündüz çalışacağam, lap az yatacağam, öz üzərimdə çox, lap çox çalışacağam ki, bu arzularımı gerçəkləşdirə bilim. Asudə vaxtlarımdan da səmərəli istifadə edirəm. Kliplərə baxıram, sosial şəbəkədə dostlarımla yazışıram, kitablar oxuyuram.

 

Dekabr ayında Latviyanın Riqa şəhərində keçiriləcək beynəlxalq festivalın final turuna dəvətliyəm. Gecəmi-gündüzümə qatmışam ki, bu festivaldan qalib qayıdım və qalib ölkələrin sırasında Azərbaycanımın adı səslənsin.

 

...Hə,dəyərli oxucular, Rüfəti dinlədikcə biz sizinlə yaşı böyük olmasa da həyat və fəaliyyət tarixçəsi kifayət qədər zəngin olan bir yeniyetməmizin də qeyri-adi istedadından xəbər tutduq. Bizə isə qalır bu istedad sahibinə gələcəyin tanınmışlardan, məşhurlardan biri olmağı arzılamaq.

 

Sifai SƏFƏROVA