İdman hamının olduğu kimi, balacaların da inkişafında böyük rol oynayır. İdmanla məşğul olmaq uşağı yalnız güclü, cəld və çevik etmir. O, fiziki inkişafla yanaşı psixoloji də gücləndirir. Bu zaman uşaq hərtərəfli inkişaf edir. O, mübarizə aparıb qalib gəlməyi öyrənir. Deyirlər ki, həmin uşaqlarda yaddaş və qavrama qabiliyyəti güclü olur. Davudzadə Həsən Mahmud oğlu da 2 ildir ki, idmanın karate növü ilə məşğul olur. 2008-ci ildə Bakıda anadan olan Həsən həm də dərs əlaçısıdır.

 

O, Bakıdakı 73 nömrəli tam orta məktəbin V sinif şagirdidir. Həsən bir çox respublika və beynəlxalq yarışların iştirakçısıdır. 10 yaşlı idmançımız bu ilin mayında Ukraynanın Xarkov şəhərində karate üzrə keçirilən dünya çempionatında bürünc medala layiq görülüb. Həsən ötən həftə daha bir uğura imza atıb. Belə ki, o, Qoçyu-Ru Karate do Kobudo Növləri Federasiyasının təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş açıq Beynəlxalq Master Klas seminarı və Respublika çempionatında yüksək bacarıq və mübarizlik göstərərək fəxri kürsünün yüksək pilləsinə qalxıb. Həsən həmçinin rəqslə də məşğul olur. Bir çox televiziya və konsert proqramlarında öz rəqsləri ilə tamaşaçıların zövqünü oxşayıb. Arzusu Azərbaycan bayrağını beynəlxalq yarışlarda zirvələrə qaldırmaq, dünya arenalarında himnimizi səsləndirməkdir.