Xəbər verdiyimiz kimi, Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

"Azərbaycan müəllimi" Şahin Bayramov haqqında məlumatları təqdim edir.
 
Şahin Bayramov 1979-cu il iyulun 4-də Mingəçevir şəhərində anadan olub.
 
1996-cı ildə Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyi bitirib.
 
1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olub, 2000-ci ildə “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr səviyyəsini bitirib. 
 
2001-ci ildə isə ADİU-nun magistraturasına qəbul olub, 2003-cü ildə “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsi alıb.
 
2005-ci ildə ADİU-nun doktoranturasına qəbul olub. 2011-ci ildə “Dünya iqtisadiyyatı” ixtisası üzrə “Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın Avropa iqtisadi məkanına inteqrasiyası perspektivləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
 
2005-ci ilin yanvarından 2016-cı ilin sentyabr ayınadək ADİU-nun beynəlxalq iqtisadi münasibətlər kafedrasında baş laborant, müəllim, baş müəllim və əvəzçiliklə dosent vəzifələrində çalışıb. Eyni zamanda, 2005-2009-cu illərdə ADİU-nun Biznesin idarə edilməsi üzrə magistr (MBA) proqramında menecer, 2009-2011-ci illərdə bu universitetin Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində çalışıb.
 
2006-2014-cü illərdə Milli Məclisin Elm və təhsil komitəsinin eksperti, eləcə də “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikası Qanun layihələrinin hazırlanması üzrə İşçi Qruplarının üzvü olub.
 
2009-cu ildə ABŞ Dövlət Departamentinin “Gənc Müəllimlərin İnkişafı Proqramı”nın (Junior Faculty Development Proqram) qalibi seçilməklə ABŞ-nin İndiana Universitetində “İqtisadiyyat” ixtisası üzrə təhsil alıb.
2012-ci ilin noyabrından 2017-ci ilin aprel ayınadək ADİU-nun beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb.
 
2015/2016-cı tədris ilində Pensilvaniya Dövlət Universitetinin (Penn State University) Təhsil Kollecində (College of Education) “Ali təhsilin idarə edilməsi və akademik liderlik” (Higher Education Administration and Academic Leadership) ixtisası üzrə peşəkar təhsil alıb. 
 
2017-ci ilin aprelindən 2019-cu ilin iyul ayınadək Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini olub.
 
2017-ci ilin noyabrından 2019-cu ilin iyul ayınadək Avropa Ali Təhsil Məkanı (EHEA) Bolonya İşçi Qrupunun (BFUG) Azərbaycan üzrə Ölkə Koordinatoru, 2018-ci ilin may ayından 2019-cu ilin iyul ayınadək BFUG-inin Qlobal Siyasət Dialoqu Komitəsinin üzvü olub.
 
31 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.
 
Azərbaycan Respublikası Prezidentinin 20 may 2024-cü il tarixli Sərəncamı ilə isə o, Qarabağ Universitetinin rektoru təyin olunub. 
 
Evlidir, iki oğlu var.