Milli Aviasiya Akademiyasında (MAA) “Pilotsuz Sistemlər: Süni İntellekt, Dizayn və Səmərəlilik” üzrə beynəlxalq simpoziumun (“International Symposium on Unmanned Systems: AI, Design and Efficiency” (ISUDEF’24) açılış mərasimi olub.
 
Simpoziumda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın akademikləri, digər rəsmi şəxslər, həmçinin səkkiz xarici ölkədən 70-dən çox nümayəndə iştirak edib.
 
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, simpozium MAA, Beynəlxalq Dayanıqlı Aviasiya və Enerji Tədqiqatları Elmi Cəmiyyəti (SARES), Türkiyənin Eskişehir Texniki Universiteti və İstanbul Ticarət Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
 
Simpoziumu giriş nitqi ilə açan MAA-nın birinci prorektoru professor Ədalət Səmədov beynəlxalq simpoziumun iştirakçılarına MAA-nın rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin adından səmimi salamlarını çatdırıb və simpoziumun işinə uğurlar arzulayıb.
 
Qısa bədii hissədən sonra simpozium Eskişehir Texniki Universitetinin rektoru professor Adnan Özcan və İstanbul Ticarət Universitetinin rektoru professor Abdulhamit Avşarın salamlama nitqləri ilə davam edib. Rektorlar tərəfindən müasir mülki aviasiya sahəsində pilotsuz sistemlərin tətbiqinin günü-gündən sürətlənməsi, eyni zamanda bu sahədə süni intellekt texnologiyalarının tətbiqi hesabına səmərəlilik göstəricilərinin yüksəlməsi tendensiyalarının müşahidə edilməsi xüsusi qeyd olunub. Bu baxımdan, ISUDEF’24 simpoziumunun əhəmiyyəti vurğulanıb.
 
Simpoziumun plenar məruzələr bölümündə professor Ədalət Səmədov və Qazaxıstan Mülki Aviasiya Akademiyasının rektoru Beken Seydaxmetovun maraqlı çıxısları dinlənilib.
 
Daha sonra simpoziumda SARES-in fəxri prezidenti professor Max. F. Platzer (ABŞ), SARES-in prezidenti professor T. Hikmet Karakoç, Kanadanın “Təyyarələrin modelçiliyi və simulyasiyası” mərkəzinin professoru Ruksandra Mihaela Botez, MAA-nın elmi işlər üzrə prorektoru professor, AMEA-nın müxbir üzvü Afiq Həsənov, Qazaxıstan Mülki Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru professor Kayrat Koşekov və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev elmi məruzələrlə çıxış ediblər.
 
Simpoziumun ilk günündə sənaye nümayəndələrindən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Əli Abbasov və Azərbaycanın SİNAM şirkətinin prezidenti professor Elçin Əliyev, Türkiyənin “EKSIS İleri Teknolojiler” Universitet-Sənaye İşbirliyi Mərkəzinin baş meneceri Hüseyin Devrim və Türkiyənin “Esri” şirkətinin baş icraçı direktoru Barış Uzun çıxışları olub. Sənaye nümayəndələri pilotsuz sistemlər və süni intellektin sənaye və real sektor üçün real faydalarından ətrafı bəhs ediblər.
 
Simpoziumun açılışından sonra MAA-nın rektoru akademik Arif Paşayev və Türkiyənin Eskişehir Texniki Universitetinin rektoru professor Adnan Özcan və İstanbul Ticarət Universitetinin rektoru professor Abdulhamit Avşar arasında görüş baş tutub və qarşılıqlı əməkdaşlıq haqqında protokollar imzalanıb.
 
Simpozium 3 gün davam edəcək.
 
Tədbirin ikinci günündə Türkiyənin İstanbul Texniki Universitetinin professoru Çingiz Hacıyevin, OSTİM Texniki Universitetinin professoru Birol Kılkışın və Qazi Universitetinin professoru Çetin Elmasın elmi məruzələri, daha sonra sənaye nümayəndələri Türkiyənin “Otonom Teknoloji” şirkətinin təmsilçisi Ahmet Nezir Ertürk, “Azərbaycan Hava Yolları” QSC (AZAL) prezidentinin müşaviri, Azəraeronaviqasiya müəssisəsinin direktoru Fərxan Quliyev, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının direktor müavini Elmir Quluzadənin çıxışları nəzərdə tutulub.
 
Simpoziumun üçüncü gün MAA-nın, Qazaxıstan Mülki Aviasiya Akademiyasının, akademik S.P. Korolyov adına Samara Milli Tədqiqat Universitetinin (Rusiya), Lukasiewicz Tədqiqat Şəbəkəsi – Aviasiya İnstitutunun (Polşa) və Suleyman Demirel Universitetinin (Türkiyə) alim və tədqiqatçılarının elmi məruzələri dinləniləcək. Simpoziumun təşkil edildiyi hər üç gündə panel sessiyalarda müxtəlif ölkələrdən beynəlxalq tədqiqatçılar və ali təhsil müəssisələrinin alimləri, tədqiqatçıları, magistrant və doktorantlarınin iştirakı ilə pilotsuz sistemlər, avionika və radar sistemləri, süni intellekt sistemləri, robototexnika, mülki aviasiyada təhlükəsizlik sistemləri, GİS və xəritəçilik, naviqasiya sistemləri və digər istiqamətlər üzrə ümumilikdə 60-dan çox elmi məqalənin təqdimatı olacaq.
 
Simpoziuma təqdim edilmiş məqalələr nüfuzlu “Springer” nəşriyyatında, onların sırasından seçilmiş məqalələr isə tədqiqat işini davam etdirmək şərti ilə nüfuzlu “Web of Science” və “Scopus” beynəlxalq xülasələndirilmə bazalarında dərc ediləcəyi qeyd edilib.
 
Simpozium iştirakçılarına, həmçinin pilotsuz uçuş aparatlarına həsr edilən film nümayiş olunub.