Ötən ilin mart ayında Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində buraxılış imtahanı keçirilib. Bu, işğaldan azad olunan ərazilərdə ilk imtahan idi. 2024-cü ildə imtahan keçirilən təhsil müəssisələrinin siyahısında ilk dəfə imtahan həyəcanı yaşayan məktəblərin sayı artıb. Beləliklə, bu il Ağalı ilə yanaşı, Laçın rayonunda 2 məktəb – Laçın şəhəri 2 nömrəli tam orta məktəb və Zabux kənd tam orta məktəbi, Füzulidə 1 məktəb - Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi və Ağdərə rayonunda Talış kənd tam orta məktəbində buraxılış imtahanları təşkil edilib.
 
Dövlət İmtahan Mərkəzinin mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, imtahanlar uğurla təşkil edilib.
 
“Heç bir problem yaşamadıq. Hətta 2 məktəbin imtahanına getdim. Həm Zabuxda, həm də Füzulidəki məktəbdə keçirilən imtahanda iştirak etdim. Bu il işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən məktəblərdə 57 nəfər IX sinif, 19 nəfər XI sinif şagirdi imtahan verib.
 
Füzuli məktəbinin 8 məzunu var
 
Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbində IX siniflərdə 31 nəfər, XI siniflərdə 8 nəfər imtahan verib. Füzulidə buraxılış imtahanlarının təşkil edilməsi rayon üçün əhəmiyyətli qiymətləndirilib. Proseslə bağlı “Azərbaycan müəllimi”nə danışan məktəbin direktoru Həcər Mahmudova bildirib ki, buraxılış imtahanları ilk dəfə keçirilsə də, problemsiz baş tutub: “DİM-in nəzarətçiləri, koordinatorları məktəbdə prosesi idarə etdilər. İşğaldan azad olunan ərazinin məktəbliləri olaraq başqa əraziyə getməmələri bizim şagirdlərimiz üçün çox sərfəli oldu”. 
 
Laçında 2 məktəbdə 28 nəfər imtahan verdi
 
İşğaldan azad edilən Laçın şəhərində buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan şagirdlərin hamısı iştirak edib. Direktor müavini Şəbnəm Uğurlunun sözlərinə görə, müəssisənin 15 şagirdi IX siniflərin buraxılış imtahanında iştirak edib. Onlardan bir şagird 232 bal toplayıb. Məktəb üzrə 4 nəfər şagird tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına qatılıb. Onlardan biri - Zəhra Quliyeva 215 bal toplayıb.
 
Rayonun Zabux kənd tam orta məktəbin də məzunu var. 2023-cü ilin dekabrında 60 şagirdlə fəaliyyətə başlayan Laçın rayonu Zabux kənd tam orta məktəbində tədris prosesi uğurla təşkil edilib. 17 müəllim, 11 texniki işçi ilə tədris ilini uğurla başa vurmağa çalışan məktəb buraxılış imtahanlarının da təşkil edildiyi ünvanlardan biri olub. Məktəbdə 6 nəfər IX sinif şagirdi, 3 nəfər XI sinif şagirdi imtahan verib. Məktəbin direktoru Mübariz Rüstəmov deyib ki, onlardan bir nəfər təhsilini ali məktəbdə davam etdirmək istəyir.
 
Talış kənd tam orta məktəbində 1 nəfər üçün imtahan təşkil edildi
 
31 şagirdin təhsil aldığı Ağdərə rayonu Talış kənd tam orta məktəbində bu il cəmi bir buraxılış sinfi olub. Kənd məktəbinin XI sinifdən bir nəfər məzunu var. Məktəbin direktoru Afidə Mirzəyeva açıqlamasında deyib ki, bu il IX sinifdən buraxılış olmayıb. Təhsil müəssisəsində ilk dəfə imtahanların təşklinə də toxunan A.Mirzəyeva həyəcanını da paylaşıb: “Məktəbimizdə imtahan keçirildi. Bunu görmək, yaşamaq, bu fakta şahidlik etmək çox həyəcanverici, qürurverici idi. Qayıtdığımız torpaqda ilk dəfə imtahan keçirən məktəblərdən biri olmaq bizim üçün, sözün əsl mənasında, şərəfdir”. 
 
Ağalı kənd məktəbindən 3 nəfər məzun olur
 
Zəngilanda ikinci imtahan da birinci qədər həyəcanverici olub. Bu il buraxılış imtahanlarında 8 nəfər IX sinif, 3 nəfər XI sinif şagirdi iştirak edib. Məktəbin təşkilati işlər üzrə direktor müavini Şəhla İsmayılova bildirib ki, keçən il məktəbin 4 məzunu olub, onlardan 1 nəfər  universitetə, 2 nəfər kollecə qəbul olunub: “Bu il də 3 məzunumuz var və onların da məktəbdən sonrakı təhsil həyatının uğurlu olacağına inanırıq”.
 
Ruhiyyə DAŞSALAHLI