İyulun 12-də Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri ilə görüş keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşü Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli açaraq qalib məktəbliləri Qərbi Azərbaycan İcmasının binasında görməkdən məmnunluq duyduğunu bildirib. O, “Qərbi Azərbaycana qayıdış” olimpiadası barədə geniş məlumat verərək qeyd edib ki, 10 minə yaxın IX və X sinif şagirdinin qatıldığı olimpiada güclü rəqabətin aparıldığı əsl bilik yarışı idi. Olimpiadanın final mərhələsinin Naxçıvan Muxtar Respublikasında keçirilməsini yüksək dəyərləndirən Əziz Ələkbərli gənclərimizin Qərbi Azərbaycanla bağlı biliklərinin yüksək səviyyədə olduğunu bildirib. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə, olimpiadanın hər il davamlı keçiriləcəyinə ümidvar olduğunu söyləyib.
 
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxış edərək  Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş strateji hədəfə istiqamətlənmiş belə bir mühüm tədbirin aktuallığından söz açıb. Qeyd olunub ki, bizim ölkə, xalq olaraq artıq özümüz üçün müəyyən etdiyimiz strateji hədəflərdən biri də məhz Qərbi Azərbaycana qayıdış məsələsidir. Elm və Təhsil Nazirliyi tərəfindən bununla bağlı yeniyetmə və gənclər arasında bir sıra maarifləndirici işlərin həyata keçirilməsinin, layihələrin reallaşdırılmasının nəzərdə tutulduğunu deyən Mətin Kərimli “Qərbi Azərbaycana qayıdış” olimpiadasının da bu istiqamətdə atılan addımlardan biri olduğunu deyib. Olimpiadaya böyük marağın olduğunu bildirən Aparat rəhbəri gənclərimizin tarixi yaddaşımızın, mirasımızın, mədəniyyətimizin daşıyıcıları olduqlarını qüruru hissi ilə qeyd edib. Elm və Təhsil Nazirliyi ilə Qərbi Azərbaycan İcmasının birgə əməkdaşlığının bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirən Mətin Kərimli olimpiada qaliblərini və tədbirin təşkilində əməyi olan hər bir kəsə təşəkkürünü bildirib.
 
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı gənclərin ümummilli məsələmiz olan Qərbi Azərbaycanla bağlı geniş marağını təqdir edərək, onlara bundan sonrakı fəaliyyətlərində nailiyyətlər arzulayıb.
 
Digər çıxış edənlərdən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, AMEA Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhramov olimpiadanın özəlliyindən söz açaraq,  gənclərimizin öz tarixi keçmişinə olan maraqlarını, bununla bağlı biliklərini yüksək qiymətləndiriblər.  
 
Tədbirdə qalib şagirdlər çıxış üçün söz alaraq belə bir olimpiadada iştirak etmələrindən qürur duyduqlarını söyləyiblər. 
 
Sonda şagirdlərə Qərbi Azərbaycan İcması adından hədiyyə və mükafatlar təqdim olunub.
 
Qeyd edək ki, “Qərbi Azərbaycana qayıdış” olimpiadasının təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etmək olub. 
 
Ölkənin ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak etdiyi olimpiada 3 mərhələli olub. Olimpiadanın yarımfinal turu may ayında bölgələr üzrə, final mərhələsi isə iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilib. Bilik yarışının final mərhələsində iştirak edən 36 nəfərdən 19-u qalib olub.
 
Onlardan 3 nəfər I, 6 nəfər II, 10 nəfər isə III yerə layiq görülüb. Olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilib.
 
Samirə KƏRİMOVA