Bakı şəhəri 136 nömrəli tam orta məktəbdə “Beynəlxalq Uşaqların Müdafiəsi Günü” belə qeyd olundu.

 

136 nömrəli tam orta məktəbə bir günlük direktor təyin olunub. Mehriban Şıxəliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günündə məktəbə öz komandası ilə rəhbərlik edib. Bəli, məhz öz komandası ilə. Məktəbdə idarəetməni tamamilə dəyişən uşaqlar dərslərə də “gənc müəllimlər” göndəriblər. 

 

Bu gün sükan arxasında uşaqlardır

 

Məktəbin bir günlük direktoru Mehriban Şıxəliyevadır.

 

Dosye: Mehriban Şıxəliyeva VII sinif şagirdidir. STEAM fənnini, ingilis dilini öyrənməyi sevir. Bu dili ona görə mənimsəyir ki, Britaniya universitetlərinin birində hüquqşünaslıq təhsili almaq istəyir. Məktəb rəhbəri olaraq günə şagirdlərin davamiyyətini, məktəb formasında gəlib-gəlmədiklərini yoxlayaraq başlayıb. Gün ərzində davranış qaydalarına xüsusi diqqət yetirib: “Direktorluq fəaliyyətimə başlayanda bir az həyəcanlı idim. Vəzifələrimi icra etdikcə həyəcanım keçdi”.

 

Yeni məktəb direktoru “Azərbaycan müəllimi” qəzetinə eksklüziv açıqlamasında məktəb müəllimlərinin sertifikatlaşdırılma prosesində iştirakından danışıb: “Onlardan 26 nəfəri bu il ilk dəfə sertifikatlaşdırılma prosesinə cəlb ediləcək. 3 nəfər ötən illərdə imtahanı keçirilən fənlər üzrə müəllimlərdəndir, üzrlü səbəblərdən prosesə qatılmayıblar”. 

M.Şıxəliyeva məlumat verib ki, 2624 şagirdi olan məktəbdə 134 müəllim dərs deyir.

 

Direktor müavinləri iş başında

 

Müavinlərin ən gənci Rinad Ağazadədir. IV sinif şagirdidir. Riyaziyyat və informatika fənlərini çox sevir. Riyaziyyat fənni üzrə yaşıdları ilə təşkil edilən yarışlara qatılır: “Bu gün məktəbdə İbtidai siniflərdə təlim-tərbiyə işləri üzrə direktor müaviniyəm. Bu vəzifədə Yalçın Şıxıyevi əvəz edirəm”.

Təlim tərbiyə işləri üzrə direktor müavinlərindən biri Dəniz Salmanlı VII sinif şagirdidir: “I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə hazırlaşan XI sinif şagirdlərinin iyunun 2-də blok imtahanıdır. Bununla əlaqədar şagirdlərlə söhbət aparmışam”, - deyir. 

 

V sinif şagirdi Cavidan Abdullazadə blogerdir. Deyilənə görə, danışmağa başladımı, onu susdura bilənə eşq olsun! Bu gün təlim-tərbiyə işləri üzrə direktor müavini postunda çox ciddidir. Vəzifələrinin öhdəsindən layiqincə gəlir. 

VII sinif şagirdləri Nihad Daşdəmirzadə və Nihad Həsənli də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıdırlar.

 

Müəllimlər dərs prosesində VI sinif şagirdi Nəzrin Həsənli gələcəkdə beyin cərrahı olacaq, sadəcə bu gün riyaziyyat müəllimidir. Azərbaycan dili, riyaziyyat və biologiya sevdiyim fənlərdir. Bu fənləri yaxşı oxuduğum üçün ali məktəbə qəbulda işim asan olacaq. Gələcəkdə yaxşı beyin cərrahı olacağımı düşünürəm”.

 

Məktəbin “gənc müəllimləri” fənlərini özləri seçib. Məsələn, VII sinif şagirdi Duyğu Əliyeva 136 nömrəli tam orta məktəbin biologiya müəllimi, VII e sinfinin rəhbəridir. Bu gün məktəbdəki hər iki vəzifəsinin öhdəsindən layiqincə gəlib: “Boş vaxtlarımda sinfimlə maraqlandım”. 

Duyğunun musiqi duyumu da var. Müsabiqələr qalibidir. Sonuncu dəfə bu ilin may ayında “Zəfər dastanı” müsabiqəsində xor və solo ifasında seçilərək birincilik qazanıb. Ən çox kimya fənnini sevir. İstəyir ki, məktəblərində kimya laboratoriyası olsun. Gələcəkdə isə vəkil olmaq istəyir. 

 

Ayşə Rüstəmli bu gün Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir. Fənnini özü seçib. Bir günlük də olsa, müəllim olub, amma bütün həyatı boyu müəllim olmaq niyyətində deyil. Dediyinə görə müəllimlik çox ağır işdir.

 

Ayan Həsənli də VII sinifdə oxuyur. Riyaziyyatı çox sevir. Anası da riyaziyyatçıdır, amma o, kardioloq olacaq. 

 

Daha bir yeddinci Zəhra İsayeva bu gün ingilis dili müəllimi olmağı seçib. Müəllim olmaq istədiyi üçün yox, ingilis dili fənnini sevdiyi üçün. Onun da düşüncəsi budur ki, müəllimlik çox ağır peşədir. Hər halda bu gün müəllimlik ağır olub ki, gələcəyini bu peşədə görmək istəmir: “Müəllimlik ağır, məsuliyyətli işdir. Mən tərcüməçi olacağam. O vaxta qədər dünya o qədər inkişaf edər və tərcüməçiyə ehtiyac qalmazsa, iş tapmayanda öz biznesimi quracağam”.

 

 

Valideynlər məktəb idarəetməsindəki dəyişikliyi maraqla izləyib. Sevinc Zaxarova Məryəm Zaxarovanın anasıdır. VI sinif şagirdi olan qızı Məryəm bu gün tarix müəllimidir: “Müəllimlik işi çox çətindir. Qızımı belə bir vəzifədə görmək qürurlandırdı məni. Bir gün müəllim olacaqsa, öz seçimi olacaq”.

 

“Məktəbi tamamilə təhvil verdiyimiz ilk dəfə idi”

 

Yeni gündən məktəbin direktoru vəzifəsinə qayıdacaq Aysel Şərbətova deyir bu təşəbbüsü son anda reallaşdırmağa qərar veriblər: “Fəal şagirdlərimizi, bu rolda olmaq istəyənləri seçdik. Onlar da axşam bildilər ki, bu gün məktəbdə vəzifə tutacaqlar. İndiyədək böyük layihələrimiz, səs gətirən işlərimiz olub, amma məktəbi tamamilə təhvil verdiyimiz ilk dəfə idi. Həmişə şagirdlərimizin yanlarında olub müəyyən istiqamət verirdik, bu dəfə heç yaxınlaşmadıq”.

“Bu gün uşaqları heç incitmədik, bir incidən oldusa, o da şagird yoldaşları oldu” – deyən Şərbətovanın sözlərinə görə, 1 günlük direktor və müavinləri siniflərə girərək iradlar tutublar: “Əvvəlcədən iclas keçirib yeni müəllim, direktor müavinləri və direktoru kollektivimizə təqdim etdik və hər kəsi xəbərdar etdik ki, bu gün sükan tamamilə uşaqların əlindədir. Onlar nə deyirsə, elə də də olacaq”.

 

Layihə uğurlu olub. Direktor A.Şərbətovanın sözlərinə görə, uşaqlar özlərini elə müəllimləri kimi aparıb: “Bir neçə gün yox, bir neçə saat qabaqcadan öyrənmələrinə baxmayaraq, vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Bizdən nə görmüşdülərsə, məktəb və sinif idarəetməsində onları tətbiq etdilər. Mən ya da direktor müavinləri sinfə girəndə müəllimdən və şagirdlərdən nə soruşuruqsa, balaca idarəedicilər də siniflərdə həmin şeylərlə maraqlanıblar”.

 

Aysel Şərbətova: “İmkanlarımız fərqli olsa, bizi bütün ölkə tanıyar”

 

A.Şərbətovanın sözlərinə görə, 1 gün ərzində məktəbi uğurla idarə edən şagirdlər elə öz vəzifələrini də uğurla yerinə yetirirlər. Hər biri məktəbin fəal, bacarıqlı, tutduğunu qoparan şagirdidir. Ümumiyyətlə, son 3 ildə məktəb şagirdləri getdikləri hər yerdə fərqləniblər: “SAF Festivalından 3 ildir ilk üçlükdə yer alır, məktəbimizə medal gətirirlər. Çox uğurlu müəllimlərimiz var. Müavinlərimizdən Surət Mehdiyev təhsil blogeri seçilən ölkə üzrə 2 müəllimdən biridir. Qrant müsabiqəsi qalibidir”.

 

136 nömrəli məktəb artıq Bakının fərqlənənlərindəndir: “Bakı şəhəri üzrə hüquq olimpiadasında III yerdə qərarlaşdıq. Ötən il bir şagirdimiz iqtisadiyyat olimpiadasında qalib olaraq Sloveniyaya getdi, orada da mükafatlandırıldı. Keçən il Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Elm və Təhsil Nazirliyinin və başqa qurumların keçirdiyi layihələrdə iştirak edib ilk üçlükdə yer tutmuşuq”.

 

Növbəti il üçün məktəbin hədəfləri çoxdur. Müəssisə rəhbəri iddialıdır: “Hazırda məktəb infrastrukturu bizim potensialımıza cavab vermir. Biz olmayan imkanlardan istifadə edib uğurlar qazanır, işlərimizdən söz etdirə bilirik. İmkanlarımız fərqli olsa, bizi bütün ölkə tanıyar”.

 

Ruhiyyə DAŞSALAHLI