22 və 24 iyun tarixlərində keçirilmiş sertifikatlaşdırma imtahanında 10 müəllim maksimum (60 bal) nəticə göstərib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, onlardan biri ibtidai sinif, 9-u ingilis dili müəllimidir.
 
İmtahanda 60 bal toplamış müəllimlərin siyahısını təqdim edirik:
 
1. Aslanova Səbinə İnqilab qızı
2. Əliyeva Aynurə Dilqəm qızı
3. Əliyeva Dünya Nazim qızı
4. Nərimanova Tərgül Qurban qızı
5. Pirəliyeva Xavər Elşad qızı
6. Ağayeva Sevinc İdris qızı
7. Abbasova Əsmər Asim qızı
8. Eyvazova İnci Murad qızı
9. Hüseynova Sülhiyyə Cəmil qızı
10. İbrahimova Aysel Şakir qızı
 
Maksimal bal toplayan müəllimlərin hamısı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində çalışanlardır. 
 
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.
 
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.
 
Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr edilir.
 
Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib. Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesində iştirak edib. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edirlər. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllüdür.
 
Nəzrin XƏLİLOVA