İyunun 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov, “Code For Future” layihəsinin rəhbəri Nəzrin Əliyeva və ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva layihənin növbəti məzunlarına uğurlar arzulayıb, onların ümumitəhsil orta məktəblərində rəqəmsal bacarıqların tədrisi prosesinə verəcəkləri töhfələri qeyd ediblər.
 
Rektor Cəfər Cəfərov qeyd edib ki, ADPU olaraq gələcəyin müəllimlərində bu vərdişlərin formalaşması əsas məqsədlərimizdən biridir. Bununla bağlı ADPU-nun Riyaziyyat fakültəsi bir çox uğurlu layihələrə imza atmışdır. Elm və Təhsil Nazirliyi və “Algoritimika” şirkəti ilə birlikdə təşkil edilmiş "Rəqəmsal bacarıqlar" layihəsi bunlardan biridir. 
 
Vurğulanıb ki, hazırda Bakı şəhəri və 53 regionda 500-dən çox orta təhsil müəssisəsində “İnformatika” fənni əvəzinə “Rəqəmsal bacarıqlar” tədris edilir. Bunu nəzərə alaraq 2020-ci ildən tədris planımıza "İnformatika müəllimliyi" və "Riyaziyyat və informatika müəllimliyi" ixtisaslarının əsas blokunda “Proqramlaşdırma dilləri 1”, seçmə blokunda isə “Rəqamsal bacarıqlar” fənləri yer almaqdadır. Təlim prosesi onlayn platforma üzərində tapşırıqların icrası və layihələrin hazırlanması üzrə aparılır. Filiallar da bu kimi layihələrdən kənarda qalmır. Belə ki, 2023/2024-cü tədris ilinin yaz semestrində ADPU-nun bölgələr üzrə filiallarında (Ağcabədi, Şamaxı, Şəki) “Proqramlaşdırma dilləri 1” fənni, Quba filialında isə hər iki fənn (“Proqramlaşdırma dilləri 1”, “Rəqamsal bacarıqlar”) tədris olunmuşdur.
 
“Code For Future” layihəsinin rəhbəri Nəzrin Əliyeva diqqətə çatdırıb ki, 2023-2024-cü tədris ilinin yaz semestrində Riyaziyyat fakültəsinin "İnformatika müəllimliyi" ixtisasının son kursunda təhsil alan 107 tələbə "Metodika" və "MİQ-ə hazırlıq", "Riyaziyyat və informatika müəllimliyi" ixtisasının sonuncu  kursunda təhsil alan 112 tələbə isə "Rəqəmsal bacarıqlar" və "MİQ-yə hazırlıq" kurslarında (ümumi 219 tələbə) iştirak ediblər ki, onlardan da 211 nəfəri kursu müvəffəqiyyətlə başa vurub. Eyni zamanda layihə müddətində ADPU-nun 45 nəfər müəlliminə “Proqramlaşdırma dilləri: Python proqramı” modulu üzrə 20 saatlıq təlimlər keçirilib.
 
Daha sonra layihə məzunları çıxış edərək öz təəssüratlarını bölüşüb və layihənin məzunlarına sertifikatlar təqdim edilib.