Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin (NDU) Beynəlxalq Məktəbi Kembric (Cambridge School) statusu alıb.
 
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamında qeyd olunan mühüm məsələlərdən biri də Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin fəaliyyətə başlaması olub.

Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq, NDU-nun Beynəlxalq Məktəbinə Kembric Beynəlxalq Təhsil proqramı ilə 2024-cü ilin sentyabr ayından etibarən 1-ci və 6-cı siniflər üçün tədrisin həyata keçirilməsi istiqamətində beynəlxalq lisenziya verilib. 
 
Qeyd edək ki, Kembric proqramı dünyada bir neçə tanınmış, nüfuzlu tədris proqramlarından biridir və Kembric diplomları (attestat) dünyanın ən nüfuzlu universitetləri tərəfindən tanınır. Tədrisi yanlız ingilis dilində həyata keçirilən Kembric proqramına lisenziya almaq üçün məktəblərdən müasir idarəetmə, yeni və effektiv tədris prosesi, müasir tədris imkanları tələb olunur. Məktəbi bitirərkən şagirdlər ingilis dili ilə yanaşı modern dünya dillərindən ən az birinə mükəmməl şəkildə yiyələnir.